Beynəlxalq Muğam Mərkəzində “Əbədi and yeri” adlı anım tədbiri keçirilib

post-img

Yanvarın 19-da “İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan “Əbədi and yeri” adlı anım tədbiri keçirilib.

XQ xəbər verir ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım tədbirində Milli Müdafiə Universitetinin kursantları, gənclər, QHT nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Fotomüxbir-jurnalist Rasim Sadıxovun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində və ətraf ərazilərdə baş verən hadisələri əks etdirən, tarixi yaddaşa çevrilmiş fotoları tədbir iştirakçılarına nümayiş olunub. Rasim Sadıxov həmin fotolarla bağlı maraqlı nüanslardan bəhs edib.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, həmin gecə dinc əhaliyə qarşı törədilən qətliam xalqımızın iradəsini sındıra bilmədi, əksinə milli birliyi daha da möhkəmləndirdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Kənan Əliyev ölkəmizin qanlı tarixinin unudulmaması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin daim uca tutulmasını diqqətə çatdırıb.

Tədbir bədii hissə ilə davam edib. Bakı İctimai Xoru və gənc musiqiçilərin ifasında dillər əzbəri olan xalq mahnıları, eləcə də görkəmli Azərbaycan bəstəkarlarının müxtəlif əsərləri səsləndirilib.

























Qan yaddaşı