Şimali Makedoniya mediası Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü geniş işıqlandırıb

post-img

Şimali Makedoniyanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdikləri görüşə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “MIA” informasiya agentliyinin yaydığı materialda üç ölkə rəhbərinin Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqtondakı görüşünə dair Birgə Bəyannaməni imzaladıqları bildirilib. Ağ Evdə keçirilən görüşün əhəmiyyəti vurğulanıb, ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında əbədi barışıq elan etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bununla da iki ölkə arasında onilliklər ərzində davam edən müharibəyə son qoyulub, əbədi sülhə nail olunub.

Bu ölkənin “Sloboden Pečat” qəzeti Vaşinqtonda imzalanan Birgə Bəyannaməni tarixi hadisə adlandırıb. Vurğulanıb ki, Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması qeyd edilib.

“Meta”, “Plus Info”, “Slobodna Evropa”, “SDK”, “Gazeta Express” kimi portalların materiallarında da Birgə Bəyannamə ilə liderlərin Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasına şahidlik etdikləri vurğulanıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri 
Skopye





Siyasət