Azərbaycanın humanitar diplomatiyası və qlobal həmrəylik missiyası
Müasir beynəlxalq münasibətlər artıq təkcə sərt güc – tankların, raketlərin, iqtisadi hegemonluğun diktəsi ilə formalaşmır. XXI əsrin siyasi arenasında başqa bir güc xətti yüksəlir – humanitar diplomatiya. Əgər XX əsrdə dövlətlərin nüfuzu əsasən hərbi potensial və iqtisadi resurslarla ölçülürdüsə, bu gün önə çıxan dəyərlər fərqlidir: Mədəniyyət, elm, təhsil və ən əsası insan həyatına yönəlmiş humanitar təşəbbüslər. Dövlətin “yaxşı niyyət” aktoru kimi tanınması, böhran və müharibə şəraitində insan amilinə üstünlük verməsi onun beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmasına xidmət edir. Azərbaycan son illərdə bu prinsipə sadiq qalaraq, humanitar diplomatiyanı ardıcıl və sistemli şəkildə həyata keçirir.
Humanitar diplomatiyanın gücü ondadır ki, o, milli maraqları universal dəyərlərlə birləşdirir. Yardım göndərən dövlət yalnız altruist (başqalarının xeyrinə) davranmır – bu dövlətlər həm də beynəlxalq reputasiyasını möhkəmləndirir, yumşaq güc arsenalını genişləndirir. Beləliklə, humanitar diplomatiya həm siyasi, həm də mənəvi qazanclar gətirən strateji vasitəyə çevrilir.
Məhz bu səbəbdəndir ki, BMT 2008-ci ildə Ümumdünya Humanitar Yardım Gününü təsis etdi. 19 avqust – 2003-cü ildə Bağdadda BMT qərargahına hücumda həlak olan humanitar işçilərin xatirəsinə ehtiram günü olmaqla yanaşı, dövlətlər üçün bir çağırışdır: “Siz yalnız sərt gücünüzləmi tanınmaq istəyirsiniz, yoxsa həm də insanlığa verdiyiniz töhfələrlə?”. Bu sual dövlətləri beynəlxalq siyasətin əsas prioritetlərini yenidən nəzərdən keçirməyə vadar edir və humanitar diplomatiyanın əsl dəyərini ortaya qoyur.
Azərbaycan da bu gün beynəlxalq münasibətlər sistemində yalnız regional siyasi və iqtisadi aktor kimi deyil, həm də humanitar diplomatiyanın uğurlu daşıyıcısı kimi tanınır. Dövlətimizin xarici siyasət kursunda insan amili, humanist dəyərlərə sadiqlik və qlobal həmrəylik prinsipləri xüsusi yer tutur. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tribunalarda səsləndirdiyi fikirlər də bu xətti aydın göstərir. Prezident pandemiya dövründə çıxışlarında dəfələrlə vurğulayıb ki, “Dünya yalnız birgə həmrəylik və yardımla qlobal böhranlardan çıxış yolu tapa bilər.”
Azərbaycanın humanitar diplomatiyası epizodik təşəbbüslərlə məhdudlaşmır, dövlətimiz ardıcıl və sistemli siyasət yürüdür. Ən ağır böhran anlarında – istər pandemiya dövründə, istərsə də müharibə nəticəsində yaranan humanitar fəlakətlər zamanı – Bakı qlobal həmrəylik çağırışlarının önündə dayanır. Belə bir siyasətin arxasında həm milli maraqların qorunması, həm də beynəlxalq imicin möhkəmləndirilməsi dayanır.
Məhz bu konseptual yanaşmanın nəticəsidir ki, Azərbaycan bu gün Afrikadan Asiyaya, Avropadan Latın Amerikasına qədər müxtəlif regionlarda humanitar təşəbbüsləri ilə fərqlənir. Prezident İlham Əliyevin liderliyində həyata keçirilən bu siyasət Azərbaycanın yumşaq gücünün əsas sütunlarından birinə çevrilib. COVID-19 pandemiyası dünya siyasətində bir dönüş nöqtəsi oldu. Ən böyük dövlətlərin belə səhiyyə sistemləri çöküş həddinə çatdığı bir vaxtda, Azərbaycan yalnız daxildə pandemiyaya qarşı effektiv mübarizə üzrə idarəetmə modeli qurmaqla kifayətlənmədi, həm də beynəlxalq həmrəylik çağırışlarının önündə dayandı. Prezident İlham Əliyevin sözləri ilə desək: “Pandemiya göstərdi ki, dünyada heç bir ölkə bu çağırış qarşısında təkbaşına tab gətirə bilməz. Burada həmrəylik və əməkdaşlıq əsas meyarlara çevrilməlidir”.
Azərbaycan bu çağırışı bəyanatlarla deyil, konkret addımlarla sübut etdi. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakı BMT Baş Assambleyasında pandemiya ilə bağlı xüsusi sessiyanın keçirilməsinə nail oldu. Təşəbbüs həm Azərbaycanın qlobal proseslərdə fəal aktor kimi çıxış etdiyini göstərdi, həm də onun humanitar diplomatiyasının beynəlxalq miqyasda qəbul olunduğunu təsdiqlədi.
Pandemiyanın ən ağır günlərində Azərbaycan yardımlarını qitələrarası ölçüdə təşkil etdi. Afrika ölkələrinə tibbi avadanlıq, dərman preparatları və qoruyucu vasitələr göndərildi. Bu yardımlar, sadəcə, maddi dəstək deyildi – yüzlərlə insanın həyatını xilas edən, qlobal həmrəyliyin canlı nümunəsinə çevrilən humanitar missiya idi. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində yardım ayırdı. Vəsaitin yarısı, xüsusi olaraq Afrika dövlətlərinin ehtiyacları üçün nəzərdə tutuldu. Rəsmi Bakının bu addımı göstərirdi ki, Azərbaycanın humanitar diplomatiyası yalnız qonşuluq və regional çərçivə ilə məhdudlaşmır, əksinə, qlobal məsuliyyət hissinə əsaslanır.
Azərbaycanın COVID-19 dövründə ortaya qoyduğu mövqe həm də özündə siyasi mesajı ehtiva edirdi: kiçik dövlətlər də qlobal həmrəyliyin lokomotivinə çevrilə bilər və bütün bu təşəbbüslər ölkənin yumşaq gücünü gücləndirməklə yanaşı, beynəlxalq aləmdə “humanist dövlət” imicini daha da möhkəmləndirdi.
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı hərbi müdaxiləsi Avropada yeni humanitar böhran yaratdı. Milyonlarla insan evini tərk etməyə məcbur oldu, minlərlə dinc sakin həyatını itirdi, uşaqlar isə psixoloji və sosial travmalarla üz-üzə qaldı. Belə bir vəziyyətdə yenə Azərbaycan öz humanitar diplomatiyasını yenidən ortaya qoydu və dünya ictimaiyyətinə həmrəyliyin vacibliyini göstərdi. Yüz tonlarla ərzaq, tibbi ləvazimat, isti geyim və dərman preparatları Ukrayna xalqına çatdırıldı. Bununla bağlı Prezident İlham Əliyev bir çıxışında vurğulayıb: “Müharibə zamanı ən böyük sərvət insan həyatıdır. Biz imkanlarımız daxilində əlimizdən gələni etməliyik”.
Məhz bu yanaşma Azərbaycanın humanitar diplomatiyasının mərkəzində insan amilinin dayandığını bir daha sübut etdi. Xüsusilə, diqqət çəkən nümunə isə müharibədən əziyyət çəkən uşaqların Bakıda reabilitasiyasıdır. Onların tibbi və psixoloji müalicəsi, sosial adaptasiyası üçün xüsusi proqramlar təşkil edildi. Dövlətimizin bu addımı onu insan həyatının qorunmasına yönəlmiş məsuliyyətli aktor olduğunu göstərdi. Azərbaycanın bu siyasəti həm də beynəlxalq mesaj daşıyırdı: Humanitar diplomatiya yalnız böyük dövlətlərin öhdəliyi deyil, məsuliyyətli regional aktorlar da qlobal həmrəyliyin fəal iştirakçısına çevrilə bilər. Eyni zamanda, bu addımlar ölkənin beynəlxalq imicini gücləndirir, onun yumşaq gücünü artırır və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir.
Humanitar diplomatiya XXI əsrin beynəlxalq münasibətlərində strateji güc alətidir. Dövlətlər artıq təkcə hərbi və iqtisadi potensialları ilə deyil, həm də insan amilinə verdikləri önəmlə qiymətləndirilirlər. Bu mənada Azərbaycan son illərdə göstərdiyi ardıcıl və sistemli humanitar siyasət ilə fərqlənir. Azərbaycan nümunəsi göstərir ki, kiçik dövlətlər də dünya siyasətində humanist liderlər kimi çıxış edə bilər. Humanitar diplomatiya isə beynəlxalq imic, etibar və yumşaq gücün əsas tərkib hissəsidir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru