İrəvanın rusiyalı turistlərdən qazancı artır

post-img

Şengen maneələri də Ermənistan üçün əlavə fürsət qapısı açıb

Ermənistan iqtisadiyyatında mühüm rol oynayan sahələrdən biri də turizmdir. Ölkə ərazisində tarixi və dini abidələrin çoxluğu, eləcə də təbii mənzərələrin və landşaftın rəngarəngliyi hər il minlərlə əcnəbi qonağı cəlb edir. Turizm sektorunun inkişafı həm dövlət büdcəsinə gəlir gətirir, həm də regionlarda məşğulluğun artmasına şərait yaradır. Son illər İrəvan, Gümrü və Dilican kimi şəhərlər xarici turistlərin maraq dairəsinə daxil olub. Nikol Paşinyan hökuməti turizm infrastrukturunun gücləndirilməsini iqtisadi prioritetlərdən biri elan edib. Yeni hotellərin tikilməsi, beynəlxalq sərgilərdə iştirak və müxtəlif festivalların təşkili bu siyasətin tərkib hissəsidir. Statistik göstəricilər də turizmin Ermənistan iqtisadiyyatındakı xüsusi çəkisini təsdiqləyir.

Hayastan İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Turizm Komitəsinin məlumatına görə, 2025-ci lin avqust ayında ölkəyə 334 min 396 turist səfər edib. Ötən ilin eyni dövründə Ermənistana səfər edən turistlərin sayı isə 300 min 919 nəfər olub. Bu ilin yanvar-avqust aylarında Ermənistana ən çox turist Rusiya Federasiyası (41 faiz), Gürcüstan Respublikası (13 faiz) və İran İslam Respublikasından (8 faiz) gəlib. Bütövlükdə, ilin əvvəlindən Ermənistana 1 milyon 505 min 123 turist səfər edib.

Qeyd etdiyimiz kimi, turizm bu gün Ermənistan iqtisadiyyatının, necə deyərlər, mühüm dirəklərindən biri sayılır. Kiçik əraziyə malik olmasına baxmayaraq, Hayastan özünü həm mədəni, həm tarixi, həm də təbii məkan kimi təqdim etməyə çalışır. Qədim İrəvan şəhəri, kurort zonası Dilican, Göyçə gölünün mənzərələri, eləcə də Alban xristian irsimizi əks etdirən qədim monastırlar buraya gələn turistlərin marağını artırır. Statistik göstəricilər də bu sahənin tədricən inkişaf etdiyini nümayiş etdirir. Ötən ay Ermənistana 334 mindən çox turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. Ümumilikdə isə ilin yanvar–avqust aylarında ölkəyə 1,5 milyondan çox turist gəlməsi bu sektorun iqtisadiyyata ciddi gəlir gətirdiyini təsdiqləyir. Amma diqqətçəkən əsas məqam odur ki, bu turistlərin əksəriyyəti müəyyən ölkələrdən gəlir və siyahının başında Rusiya vətəndaşları dayanır.

Ermənistana səfər edənlərin 41 faizi Rusiya vətəndaşlarıdır. Bu, təsadüfi göstərici deyil. Çünki iki ölkəni həm tarixi, həm siyasi, həm də sosial əlaqələr birləşdirir. İlk növbədə, Ermənistan uzun illərdir ki, Rusiya ilə strateji müttəfiqlik münasibətləri saxlayır. Bu müttəfiqlik yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, həm də insanların gündəlik həyatında özünü göstərir. Rusiyada milyonlarla erməni icmasının yaşaması, iqtisadi əlaqələrin sıxlığı və dil baryerinin olmaması turist axınını asanlaşdırır.

Digər tərəfdən 2022-ci ildən sonra Rusiya ilə bağlı baş verən geosiyasi proseslər, Qərbin tətbiq etdiyi sanksiyalar və gərgin beynəlxalq mühit nəticəsində əksər rusiyalılar xarici ölkələrə səyahət seçimlərini dəyişməli olublar. Avropa İttifaqı ölkələrinin əksəriyyəti Rusiya vətəndaşlarının vizalarını məhdudlaşdırdığı üçün regionda münasib və əlçatan istiqamət kimi Ermənistan ön plana çıxır. Ermənistan rus turistləri üçün həm coğrafi baxımdan yaxın, həm də maliyyə baxımından münasib ölkədir. Burada qiymətlərin nisbətən ucuzluğu, rublla ödəniş imkanlarının mövcudluğu və dil problemi olmaması Rusiya vətəndaşları üçün ciddi üstünlük yaradır.

Rusiya vətəndaşlarının Ermənistana üstünlük verməsinin digər səbəbi sosial-emosional faktorlarla bağlıdır. Ermənistan özünü rus turistləri üçün “dost ölkə” kimi təqdim edir. Rusiyadan uçuşların davamlılığı, vizasız rejim və tez-tez təşkil olunan mədəni tədbirlər bu imici möhkəmləndirir. Ermənistanın turizm strategiyasında da rus turistləri xüsusi yer tutur. Hökumət reklam və təşviqat siyasətində Rusiyanı əsas bazar kimi görür. Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə keçirilən sərgilərdə Ermənistanın turizm imkanları aktiv şəkildə təqdim olunur. Turizm şirkətləri paket turlar təklif edərək həm istirahət, həm də mədəni proqramları birləşdirirlər. Bu da rusiyalıların Ermənistana marağını artırır.

Onu da vurğulamaq lazımdır ki, Rusiya vətəndaşlarının Ermənistana səfərləri yalnız turistik məqsədlərlə məhdudlaşmır. Bir çoxları bu ölkəni tranzit məkan kimi istifadə edir, bəziləri isə daha uzun müddətli qalmaq üçün gəlir. Ermənistanda son illərdə artan rusiyalı miqrantların sayı turizm statistikasına da təsir göstərir, çünki onlardan çoxu ilkin mərhələdə turist statusunda ölkəyə daxil olur. Lakin sonradan daimi yaşayış və ya iş imkanı əldə etməyə çalışır. Bu isə turizmlə yanaşı, daşınmaz əmlak və xidmət sektorunda da canlanma yaradır. Nəticə etibarilə Ermənistan turizm göstəricilərində müsbət dinamika nümayiş etdirir. Lakin bu dinamikanın əsas hissəsi Rusiya bazarından asılıdır. Bu, bir tərəfdən ölkəyə stabil gəlir gətirsə də digər tərəfdən risklər doğurur. Çünki Rusiya ilə münasibətlərdə hər hansı gərginlik yaranarsa, turizm axınında ciddi azalma mümkündür. Buna baxmayaraq, hazırkı vəziyyət göstərir ki, rus turistləri yaxın illərdə də Ermənistanın turizm xəritəsində aparıcı mövqedə qalacaq.

Ramiyə MƏMMƏDOVA,
“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

– Bu gün Rusiya vətəndaşlarının Avropa ölkələrinə, ABŞ-a, Kanadaya, Avstraliyaya, Yaponiyaya və Qərbin digər dövlətlərinə gəlişlərinə qadağa olmasa da, onlar arzuolunmaz şəxs statusundadırlar. Bu səbəbdən rusiyalılar səyahət üçün alternativ ölkələr axtarışındadırlar. Bu yaxınlarda Rusiya vətəndaşlarının Çinə səfərlərinin sayında artım qeydə alındığı açıqlandı. Çünki rusiyalıların Çinə, ümumiyyətlə Asiya ölkələrinə gediş-gəlişi problemsizdir. Asiya istiqaməti rusiyalı turistlər arasında hazırda daha populyardır. Ancaq bu ölkələrə də daha imkanlı şəxslər gedə bilirlər. Daha aşağı büdcəyə malik vətəndaşlar yaxın xaricə – Gürcüstana, Ermənistana, Qazaxıstana üz tuturlar. Gürcüstanda müəyyən hadisələr yaşandığı üçün Qərb qonşumuza səfər edən rusiyalıların sayında da azalma var. Bu baxımdan Rusiya vətəndaşlarının ən çox səfər edə biləcəkləri region ölkələri Ermənistan və İrandır. Halbuki rusiyalılar İrana tez-tez gedən deyildilər. Ancaq məcbur qalaraq İrana da gedirlər. Nəhayət, Ermənistana gəldikdə isə demək lazımdır ki, turizm də siyasi məsələlərə bağlıdır. Ona görə də bu gün rusiyalıların Ermənistana həm biznes şəbəkələri qurmaq, həm də istirahət üçün getmələri halları çoxalıb.

Rusiyadan Türkiyəyə gedənlər də az deyil. Ancaq son dövrlərdə Türkiyədə sürətlə bahalaşma gedib. Rusiya vətəndaşlarının iqtisadi durumu isə əvvəlki kimi yaxşı deyil. Bu səbəbdən bəzən Türkiyəni də siyahıdan çıxarırlar. Yəni, Türkiyəyə daha az səfər etməyə başlayıblar. Bu baxımdan Rusiya vətəndaşlarının Ermənistana səfərlərinin artmasına həm siyasi, həm də iqtisadi prizmadan baxmaq lazımdır.

Ermənistana səfər edən Rusiya vətəndaşları arasında siyasi motivlər səbəbindən ölkəni tərk edən şəxslər də var. Bura müharibədə iştirak etmək istəməyən sadə şəxslər, eləcə də informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssislər daxildir.

Səxavət HƏMİD
XQ



Siyasət