Türkiyədə əməyin mühafizəsi mövzusunda müzakirə
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri və əməkdaşları Türkiyəyə səfər edib. Azərbaycanın nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarla görüşüb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O, iki ölkə arasında bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu, əməkdaşlıq çərçivəsində aparılan təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.
İbrahim Esenkar Azərbaycan və Türkiyə arasında sosial sahədə genişlənən əlaqələrin əhəmiyyətindən bəhs edib. O, əmək münasibətləri və iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində həyata keçirilən təcrübə mübadilələrinin önəmini diqqətə çatdırıb.
Görüşdə əməyin mühafizəsi sahəsində hər iki ölkədə görülən işlər və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunub.
BSTA ilə əməkdaşlıq genişlənir
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş katibi Marselo Abi-Ramia Kaetano görüşüb. Görüş Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində keçirilib.
Anar Əliyev son illər ölkəmizin sosial təminat sistemində aparılan islahatların nailiyyətlərini, sosial islahatlar prosesində BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bu Təşkilatın üzv ölkələrdə sosial təminat sistemlərinin mütərəqqi təcrübələrə uyğun təkmilləşdirilməsində önəmli dəstəyi vurğulanıb. Nazirlik və qurumları ilə BSTA-nın əməkdaşlığının daim genişləndiyi, ötən il DSMF ilə BSTA arasında imzalanan əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə xidmət etdiyi qeyd olunub.
Marselo Abi-Ramia Kaetano rəhbəri olduğu təşkilatın ölkəmizdə aparılan davamlı sosial islahatları yüksək dəylərləndirdiyini, nazirlik və qurumlarının BSTA ilə fəal əməkdaşlığından məmnunluğunu qeyd edib. O, hazırda Bakıda keçirilən, sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılmasına həsr olunan beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.
Görüşdə BSTA ilə ƏƏSMN arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Yurda qayıdanlar üçün peşə kursları
Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün fəal məşğulluq proqramlarını davam etdirir.
Böyük Qayıdış Proqramının icrası çərçivəsində agentlik 2 minə yaxın şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Onlardan 210 nəfər işğaldan azad edilmiş ərazilərimizə köçürülüb, digərlərinin isə yaxın vaxtlarda köçürülməsi nəzərdə tutulur. Dövlət Məşğulluq Agentliyi sakinlərlə köçməzdən öncə məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirir. Bu görüşlər zamanı onların bir qisminin məşğulluq imkanlarının artırılması üçün peşə kurslarına cəlb edilmələri məqsədəuyğun hesab edilərək bu yöndə müvafiq işlər aparılır.
Agentlik hazırda Laçın şəhəri və Zabux, Sus, Bəylik, Giləbird kəndləri, Şuşa şəhəri və Turşsu qəsəbəsi, Füzuli şəhəri və Dövlətyarlı kəndi, Zəngilan şəhəri və Ağalı, Cahangirbəyli kəndləri, Cəbrayıl şəhəri və Horovlu, Şükürbəyli kəndləri, Kəlbəcər şəhəri, Xocalı şəhəri və Malıbəyli kəndi, Xankəndinin Kərkicahan qəsəbəsi, Qubadlının Mahruzlu, Zilanlı kəndləri, Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri, Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndləri, Xocavəndin Xocavənd kəndinin sakinləri üçün peşə hazırlığı kursları təşkil edir.
Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan bu kurslara həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il köçürülməsi nəzərdə tutulan işsiz şəxslər müraciət edə bilər. Peşə kurslarını bitirənlərin bu kurslarda yiyələndikləri peşələr üzrə məşğulluğunun təminatına da dəstək göstərilir.
Ödənişsiz təşkil edilən kurslarda təlim müddəti 6 aya qədərdir.
İsmayıllı “DOST evi”nin yeni dostları
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonundakı “DOST evi” filialında növbəti benefisiar qəbulu keçirilib.
Mərkəzin Qiymətləndirmə Komissiyası tərəfindən İsmayıllı və Şamaxı rayonlarından müraciət edən, həssas əhali qruplarına aid 20-yə yaxın vətəndaşın yaradıcı potensialı qiymətləndirilib. Onlardan 16 nəfər filialda müxtəlif fəaliyyət istiqamətləri üzrə təlim proqramlarına cəlb olunub. Həmin şəxslər dulusçuluq, xalçaçılıq, toxuma və tikmə, un məmulatları və qənnadı, bədii oyma və dərzilik istiqamətləri üzrə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Hazırda 33 benefisiarı olan “DOST evi”ndə, ümumilikdə, 10 müxtəlif fəaliyyət istiqaməti üzrə məşğələlər aparılır. Müəssisənin xidmətlərindən 5 həssas kateqoriyaya aid şəxslər yararlanır. Bunlar əlillər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləridir.
Bu kateqoriyalara daxil olan 6 yaşdan yuxarı istedadlı şəxslər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun İsmayıllıda, Bərdədə yerləşən “DOST evi” filiallarının xidmətlərindən yararlanmaq üçün DOST mərkəzlərinə və Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edə bilərlər.
Zərifə BƏŞİRQIZI
XQ