Qarabağın aran qapısı

post-img

Ağcabədinin gündüzləri ürəkaçan, gecələri cazibəlidir

Təkcə paytaxt Bakının deyil, regionlarımızın da sürətli inkişafı, şəhər və qəsəbələrin, kəndlərin abadlaşdırılması, yol infrastruktrunun yaxşılaşdırılması istiqamətində görülən işlər, yaşıllıqların artırılması dövlətmizin iqtisadi qüdrətinin təzahürü kimi, ölkəmizə gələn qonaqları da heyrətləndirir, onlarda Azərbaycanla bağlı xoş təəssüratların yaranmasına səbəb olur.

Bölgələrə hər növbəti səfər zamanı müsbət dəyişikliklərin şahidi olmaq, insanların rahatlığı naminə atılmış addımları, yenilikləri seyr etmək, təbii ki, çox qürurvericidir. Bir neçə aylıq ayrılıqdan sonra qonağı olduğum Ağcabədi də bu mənada inkişafı ilə diqqət çəkir. Şəhər gündən-günə daha da abadlaşır, yamyaşıl parkları, yeni asfalt döşənmiş küçələri, ən əsası isə təmizliyi ilə göz oxşayır. Gecələr gur işıqlara qərq olan Ağcabədini gəzdikcə, yol kənarlarında, parklarda əkilmiş, xüsusi qayğı ilə qulluq edilən palma, tuya, kedra, kiparis, yapon əzgili kimi ekzotik ağacların, sərv, eldar şamı, çinar, göyrüş və müxtəlif meyvə ağaclarının, çoxsaylı dekorativ güllərin, çiçəklərin, evenost bəzək kollarının sehrli gözəlliyindən, insanı bihuş edən ətrindən zövq almamaq mümkün deyil. Bütün bunlar isə rayon rəhbərliyinin, aidiyyəti dövlət qurumları əməkdaşlarının, o cümlədən sakinlərin məsuliyyətinin və Ağcabədiyə göstərdikləri sevginin nəticəsidir.

Faktlar da son bir ildə şəhərin inkişafı, gözəlləşdirilməsi, əhalinin rahatlığı istiqamətində çoxsaylı işlərin görüldüyünü göstərir. Səfər zamanı həmsöhbət olduğumuz Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyevdən öyrəndik ki, ötən dövrdə küçələrin asfaltlanması, yeni səkilərin çəkilməsi, işıq dirəklərinin quraşdırılması, işıqlandırma sisteminin müasirləşdirilməsi, yaşıllıqların salınması və onlara qulluq, bir sözlə, şəhərin abadlaşdırıması xüsusi diqqətdə saxlanılıb.

Emin Fərzəliyev, Həmidə Məmmədquluzadə, Cəfər Cabbarlı, Zülfü Adıgözəlov, İsmət Qayıbov küçələrində asfalt yolun salınması, şəhərdaxili küçələrdə 7 min kvadratmetr sahədə isə çala təmiri işlərinin əksər hissəsi başa çatdırılıb. Ümumilikdə, Ağcabədinin küçələrinə 32 min 913 kvadratmetr asfalt örtüyünün döşənməsi nəzərdə tutulub.

Yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə atılmış addımlar daha çox şəhid Emin Fərzəliyevin adı verilmiş (keçmiş Bünyad Sərdarov küçəsi – M.R.) küçənin sakinlərini və o ətrafda yaşayanları sevindirib. Çünki 10 dalandan ibarət küçədə rayonun daha bir şəhidi Camal İbrahimovun adını daşıyan şəhər 8 nömrəli tam orta məktəb yerləşir.

Əvvəllər yağış yağanda küçədə su gölməçələri əmələ gəlir, yolların kənarı tamamilə palçıq olurdu. Bu səbəbdən valideyinlər məktəbə uşaqlarını aparıb, gətirməkdə çətinlik çəkirdilər. İndi isə küçə asfaltlanıb, problemlər aradan qalxıb. Bu, həm də canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsinə hörmətin nümunəsidir. Asfaltlama işləri isə mütəmadi olaraq davam etdirilir, növbədə yeni küçə və prospektlər var.

F.Allahverdiyev onu da bildirdi ki, şəhərin küçə və parklarının işıqlandırılmasında fasilələrin yaranmaması, bu sahədə yeniliklərin tətbiqi xüsusi diqqətdə saxlanılır. Son bir ildə rayon Yaşıllaşdırma və işıqlandırma idarəsi tərəfindən yüksək keyfiyyətli elektrik materialları alınıb, küçə işiq dirəklərində sıradan çıxmış yeraltı kabellər vaxtlı-vaxtında dəyişdirilib, led lampalar yenisi ilə əvəz edilərək maqnit ötürücü və foto-relelər quraşdırılıb. İndi hava qaralanda işıqlar avtomatik olaraq yanır, səhərlər isə sönür.

Bununla yanaşı, “Azərişıq” ASC ilə işin yüksək səviyyədə qurulması şəhərin gecə işıqlandırılmasında hər hansı fasiləyə yol verilməməsinə və səhərə qədər təmin edilməsinə imkan yaradıb. Qarşılıqlı hesablaşma nəticəsində isə cari ilin əvvəlinə olan göstəriciyə görə, elektrik sərfiyyatı üzrə heç bir borcun olmadığı müəyyənləşib. Üstəlik, müasir texnoloji avadanlıqlardan istifadə diqqətçəkən qənaətə gətirib çıxarıb. Məsələn, ötən il Bakı Abadlıq Xidməti tərəfindən istismara verilmiş “Philips” firmasına məxsus 2 min ədəd işıq plafonlu dirəklərə xidmət göstərilib. Belə plafonlar quraşdırılmış hər dirək ay ərzində cəmi 1,2-1,4 AZN vəsait sərf edir. Araşdırmalar göstərir ki, 3 il bundan əvvələ kimi küçə işıqlandırılmasına hər il 70-80 min manat elektrik enerjisi pulu ödənilirdisə, son 3 ildə bu məbləğ 30-40 min manat təşkil edir. Bu isə elektrik enerjisi üçün ayrılan büdcə vəsaitinə yarıbayarı qənaət deməkdir.

Ağcabədidə yeni yaşıllıqların salınması, parklarda, küçə və prospektlərdə ağacların, kolların, güllərin əkilməsi şəhərin daha da gözəlləşməsinə, havasının təmizliyinin artırılmasına şərait yaradır. Təkcə son bir il ərzində Heydər Əliyev, Zəfər, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Səməd Vurğun, Nəsimi, Həzi Aslanov, Hüsü Hacıyev, Qarabağ və digər küçələrdə 10 minlərlə müxtəlif növ ağac, bəzək kolları, güllər, çiçəklər əkilib. Mövsümə uyğun olaraq ağaclarda budama, suvarma və dərmanlama işləri aparılıb.

Şəhər ərazisində görülən çoxsaylı işlərlə yanaşı, həyətlərin abadlaşdırılması da nəzərdə tutulur. Kommunal Xidmət və Mənzil İstismarı İdarəsi əsaslı təmir işləri çərçivəsində abad həyətlərin yaradılmasına start verəcək.

Yeri gəlmişkən, Ağcabədidə yuxarıda bəhs etdiyimiz gözoxşayan təmizlik sözügedən qurumun əməkdaşlarının fədakarlıqlarının, əl əməklərinin nəticəsidir. Burada “əl əməyi” ifadəsi məcazi mənada deyil, sözün əsl mənasında işlənib. Fikrət Allahverdiyevlə söhbət zamanı məlum oldu ki, şəhərin zibillikləri həmin idarənin işçiləri tərəfindən əllə təmizlənərək yığılır, daha sonra müqavilələr imzalanmış şəxslər tərəfindən onların şəxsi texnikaları ilə daşınır. Səbəb küçələrin süpürülməsi, zibilin yığılması və daşınması üçün xüsusi maşınların olmamasıdır. Regionların daha da inkişafı, xüsusilə insan əməyinin yüngülləşdirilməsi baxımdan bu məsələnin aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınması məqsədəuyğun olardı. Axı ölkəmizin hər yerinə olduğu kimi, Ağcabədiyə də tez-tez xarici qonaqlar təşrif buyururlar.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağcabədi





Sosial həyat