Göygöl rayonunda diplomatik əhəmiyyət daşıyan növbəti mühüm görüş baş tutub. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün Göygöl rayonuna səfəri çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə rəsmi görüş keçirilib.
Görüşdə həmçinin Türkiyənin Gəncədəki Baş konsulu cənab Recep Öztop, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
İcra başçısı Elvin Paşayev görüş zamanı Göygöl rayonu haqqında ətraflı məlumat verərək, rayonun qədim tarixi, zəngin mədəni irsi, bənzərsiz təbiəti və sürətlə inkişaf edən turizm potensialı barədə danışıb. O qeyd edib ki, Göygöl son illər ərzində regionlar üzrə həyata keçirilən dövlət proqramları çərçivəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Rayonda kənd təsərrüfatı, emal sənayesi və xidmət sahələri üzrə aparılan struktur islahatları əhalinin sosial rifahının yüksəldilməsinə təkan verir.
Görüşdə həmçinin Göygöl ilə Türkiyə arasında, xüsusilə Gəncə şəhərində yerləşən Türkiyə Baş Konsulluğu ilə mövcud əməkdaşlıq əlaqələri geniş şəkildə nəzərdən keçirilib. Elvin Paşayev bu münasibətlərin regionlar səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Elvin Paşayev çıxışında TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Göygöl rayonu ərazisində həyata keçirdiyi müxtəlif sosial, mədəni və infrastruktur layihələrinə də toxunub. O, təşkilatın rayonda reallaşdırdığı layihələrin yerli icmaların inkişafına mühüm töhfə verdiyini qeyd edib və bu istiqamətdə gələcək əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.
TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik də qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək, Göygöldə icra ediləcək yeni layihələrin planlaşdırıldığını və bu layihələrin yerli icmanın sosial rifahına yönəldiyini diqqətə çatdırıb.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün səmimi və isti qəbul üçün İcra başçısı Elvin Paşayevə təşəkkürünü bildirərək, Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinin tarixi dərinliyə və möhkəm təməllərə əsaslandığını vurğulayıb. Səfir qeyd edib ki, hər iki ölkənin liderləri – Prezident cənab İlham Əliyev və Prezident cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı siyasi iradəsi nəticəsində bu münasibətlər bu gün regionda bənzəri olmayan strateji müttəfiqlik səviyyəsinə çatıb.
Birol Akgün həmçinin qeyd edib ki, bölgə səviyyəsində, xüsusilə Göygöl kimi potensiallı və tarixi zənginliyə malik rayonlarla əlaqələrin dərinləşdirilməsi, ortaq layihələrin təşviq olunması və mədəni mübadilələrin intensivləşdirilməsi diplomatik əməkdaşlıq baxımından əhəmiyyətli istiqamətlərdəndir.
Səmimi və dostluq atmosferində keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə edərək xoş arzularla vidalaşıblar.
Görüş, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin bölgələr səviyyəsində daha da möhkəmləndirilməsinin növbəti parlaq nümunəsi kimi qiymətləndirilir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Göygöl rayonu