ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda və Bibiheybət Gəmi Təmiri Zavodunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
XQ xəbər verir ki, qanvermə aksiyası ASCO-nun və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutub.
Aksiyada ASCO-nun rəhbərliyi, struktur bölmələrin əməkdaşları iştirak ediblər.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.
Aksiyada iştirak edənlər qanvermənin savab iş olduğunu vurğulayıb, belə təşəbbüslərdə iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.






