Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Nəsimi Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı və Komitə yanında İctimai Şuranın təşəbbüsü ilə “Ailədə təhlükəsiz həyatın qurulmasında dövlət-vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib.
Vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, məişət zorakılığının qarşısının alınmasında birgə fəaliyyətin inkişaf etdirilməsi məqsədi ilə keçirilən tədbirdə iştirakçıları salamlayan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları”nın işinin qurulmasından, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə rəqəmsal mühitdə məişət zorakılığı, qanunvericiliyə edilən dəyişikliklər, müvafiq istiqamətdə dövlət siyasəti və görülən işlər barədə iştirakçılara məlumat verib. P. Əsgərzadə Azərbaycanda ailə institutunun möhkəmləndirilməsinin dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.
Tədbirdə çıxış edən, Komitə yanında İctimai Şuranın üzvləri Firuzə Nadir, Məryəm Məcidova, Venera Əsgərova, Qəmərxanım Cavadlı iştirakçılara məişət zorakılığının səbəbləri, onun fiziki, psixoloji, iqtisadi və digər formaları, zorakılığın qarşısının alınması üçün diqqət edilməli məqamlar, eləcə də mövcud hüquqi müdafiə mexanizmləri barədə ətraflı məlumat verib, müvafiq sahədə dövlət qurumları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşdə müvafiq monitorinq və əlaqələndirmə qruplarının üzvləri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, məktəb psixoloqları, şəhid ailələri və icma sakinləri iştirak ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və birgə fəaliyyətə dair təkliflər səsləndirilib.
XQ









