Yeni kosmik obyekt köhnə baxışları dəyişir

post-img

Astronomlar kainatın dərinliklərində elə bir obyekt aşkar ediblər ki, o, qaranlıq maddə ilə bağlı indiyədək qəbul olunmuş əsas nəzəriyyələrə sığmır. Alimlər bildirirlər ki, bu tapıntını nə “soyuq”, nə də “isti” qaranlıq maddə modelləri ilə izah etmək mümkündür. Bu isə kainatın quruluşu barədə düşüncələrə yenidən baxmağı zəruri edir.

Qaranlıq maddə kainatda mövcud olan bütün maddənin, təxminən, 85 faizini təşkil edir. O olmasaydı, qalaktikalar və ulduzlar indiki sürətlə və ölçüdə formalaşa bilməzdi. Başqa sözlə, insanın və Yer üzündə həyatın mövcudluğu da dolayısı ilə qaranlıq maddə ilə bağlıdır. Buna baxmayaraq, onun nədən ibarət olduğu hələ də elm üçün açıq sualdır.

Uzun illər alimlər qaranlıq maddənin adi maddə ilə, demək olar ki, qarşılıqlı təsirə girməyən, yalnız cazibə qüvvəsi ilə özünü göstərən hissəciklərdən ibarət olduğunu düşünürdülər. Lakin son illərin müşahidələri bu fikrin həmişə özünü doğrultmadığını göstərib. Xüsusilə qalaktikaların toqquşması zamanı əldə edilən məlumatlar mövcud modellərin zəif tərəflərini üzə çıxarıb.

Yeni araşdırma JVAS B1938+666 adlı uzaq bir qalaktika ətrafında aparılıb. Bu qalaktika Yer kürəsindən 12 milyard işıq ili uzaqda yerləşir və güclü cazibə qüvvəsi ilə arxasındakı daha uzaq obyektlərin görüntüsünü böyüdür. Məhz bu müşahidələr zamanı alimlər heç bir işıq saçmayan, lakin böyük cazibə qüvvəsinə malik üçüncü bir obyekt aşkar ediblər. Bu obyektin yalnız qaranlıq maddədən ibarət olduğu ehtimal olunur.

Hesablamalara görə, obyektin kütləsi bir neçə milyon Günəş kütləsinə bərabərdir. Onun mərkəzində qara dəlik və ya çox sıx ulduz toplusu ola bilər. Maraqlıdır ki, bu obyekt nə indiyədək tanınan qalaktikalara, nə də ulduz sistemlərinə bənzəyir.

Alimlər bildirirlər ki, tapıntı qaranlıq maddənin tamamilə fərqli formada mövcud ola biləcəyini göstərir. Ehtimallardan birinə görə, qaranlıq maddə öz-özünə qarşılıqlı təsirə girərək “qara dəlik”lər və sıx strukturlar yarada bilər. Digər bir versiyada isə qaranlıq maddə kiçik “qara dəlik”lərdən ibarət “qaranlıq ulduz topaları” şəklində mövcuddur.

Əgər bu ehtimallar təsdiqlənsə, bu, elm üçün böyük dönüş nöqtəsi ola bilər. Alimlər ümid edirlər ki, gələcəkdə aparılacaq qravitasiya dalğaları üzrə müşahidələr bu sirli obyektin əsl mahiyyətini aydınlaşdıracaq və qaranlıq maddənin nədən ibarət olduğu sualına bizi bir addım da yaxınlaşdıracaq.

S.ELAY
XQ

Sosial həyat