Sığortaçılara fiziki məhdudiyyətli şəxslərlə davranış qaydalarına həsr olunmuş təlim keçilib

post-img

Yerli sığorta şirkətlərinin əməkdaşlarına fiziki məhdudiyyətli şəxslərin sığorta şirkətlərində lazımi səviyyədə xidmətlə təmin edilməsi məqsədilə təşkil olunmuş silsilə təlimlər uğurla yekunlaşıb.

ASA-dan XQ-yə verilən məlumata görə, sığortaçılar üçün fiziki məhdudiyyətli şəxslərin sığorta şirkətlərində lazımi səviyyədə xidmətlə təmin edilməsi məqsədilə işçi heyətinə zəruri olan bacarıqların inkişaf etdirilməsi istiqamətində keçilən təlimlər, “Maliyyə savadlılığının artırılması istiqamətində 2026-cı il fəaliyyət planı”na əsasən Azərbaycan Mərkəzi Bankının cari il üzrə strategiyasına əsaslanaraq Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

50-yə yaxın sığortaçının iştirak etdiyi və ASA Tədris Mərkəzinin direktoru, peşəkar təlimçi Pərviz Quliyev tərəfindən keçilən təlimlərdə dinləyicilərə xüsusi həssas əhali qrupu ilə davranış qaydaları, o cümlədən, fiziki məhdudiyyətli müştərilərə xidmət zamanı tibbi yox, sosial yanaşmanın üstünlükləri və incəlikləri tədris edilib.

Təlimlərin yekununda iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.

ASA-dan bildirilir ki, xüsusi həssas əhalinin maliyyə-sığorta xidmətlərinə əlçatanlıq səviyyəsinin daha da artırılması məqsədilə bu kimi təlimlərin cari il ərzində növbəti mərhələlərdə də davamlı olaraq təşkil ediləcəyi nəzərdə tutulur.



Sosial həyat