Şəhid jurnalistin xatirəsi anılıb

post-img

Azərbaycan Dövlət İnformasiya Agentliyində şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə sözləri Sevda Əsgərovaya məxsus “Bir Məhərrəm yarası var ürəyimin” və sözləri Elşad Barata aid “Salam, alın yazısı” mahnılarının klipləri təqdim edilib. Həmçinin Məhərrəm İbrahimovun xatirəsinə həsr edilən “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub.

Mərasimdən əvvəl iştirakçılar AZƏRTAC-ın inzibati binasında Məhərrəm İbrahimovun xatirəsinə yaradılmış guşədə onun barelyefi önünə tər gül dəstələri düzüb, şəhidin xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Məhərrəm İbrahimovun həm peşəkar jurnalist, həm də fədakar bir vətəndaş kimi keçdiyi qısa, lakin şərəfli ömür yolundan söz açıb: “Bu amansız xəbəri ilk dəfə eşidəndə inanmaq çox çətin idi. Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki, bəlkə cavab verər, bəlkə xəbər yalandır deyə... Amma təəssüf ki, reallıq çox acı idi. Məhərrəm kimi mərd oğullar canları bahasına qəlbimizdə və tariximizdə silinməz izlər qoyublar”.

AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov şəhid jurnalistin əziz xatirəsini ehtiramla yad edərək, onun peşə fəaliyyətindəki fədakarlığından və cəsarətindən söz açaraq bildirib: “O, peşəsinə olan sonsuz bağlılığı, fədakarlığı və əməli ilə öz adını tarixə əbədi həkk edib. Bu gün hər birimiz fəxr edirik ki, işğaldan azad olunan müqəddəs torpaqlarımızın hər qarışında Məhərrəmin ayaq izi, alın təri var”.

Milli Məclisin deputatı Rizvan Nəbiyev vurğulayıb ki, Məhərrəm İbrahimovun timsalında öz vəzifə borcunu yerinə yetirərkən, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bütün mətbuat fədailərinin qəhrəmanlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Şəhid jurnalistin qardaşı, kitabın müəllifi Əsgər İbrahimov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. O, nəşrdə Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi keçdiyi şərəfli yoldan bəhs olunduğunu deyib.

Sonda çıxış edən şəhidin bacısı, “Bir Məhərrəm yarası var ürəyimin“ mahnısının sözlərinin müəllifi Sevda Əsgərova qardaşı ilə qürur duyduğunu vurğulayaraq söyləyib: “Fəxr edirəm ki, Məhərrəm Azərbaycan mətbuatının şanlı və şərəfli məbədi olan AZƏRTAC-da çalışıb. Məhərrəmi bu qədər sevdiyiniz üçün hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrini daşıyan avtomobil 2021-ci il iyunun 4-də saat 11 radələrində Susuzluq kəndi istiqamətində tankəleyhinə minaya düşüb. Ermənistan hərbçiləri tərəfindən basdırılmış minanın partlaması nəticəsində Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.

XQ



Sosial həyat