Yaz istirahət mövsümü ilə əlaqədar ölkənin hər yerində abadlıq və yaşıllaşdırma tədbirləri görülməkdədir. Möhtəşəm gözəllik abidəsini xatırladan Sumqayıtda da əlaqədar qurumlar mövsümi işləri səylə davam etdirirlər.
Xəzərsahili ərazidə salınan və beynəlxalq mükafat qazanan bulvar kompleksi yaşıllıqların gözəl nümunələrindəndir. Bulvar boyunca əkilən müxtəlif ağac və kol bitkiləri, landşaft dizaynı və istirahət zonaları sayəsində Sumqayıt möhtəşəm ekoloji məkana çevrilib.
Şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət Parkında son 3 ay ərzində 2 min 650 şam ağacı, 2 min 200 qızılgül kolu, 7 mindən artıq mövsümi gül və 150 oleandr bitkisi əkilib. Salınan yaşıllıqların suvarılması məqsədilə yeni xətlər çəkilib, tinglərə selitra gübrəsi verilib, aqrotexniki qulluq göstərilib və ərazilər təmizlənib. Parkdakı oturacaqların qırılmış taxtaları yeniləri ilə əvəzlənib, qopmuş dəmir hissələr qaynaq edilib, həmçinin skamya və tullantı qutuları rənglənib. Ərazidəki uşaq əyləncə guşələri təmir olunmaqla, 2 yeni karusel də quraşdırılıb.
Biz parkı gəzərkən səliqə-sahmanla məşğul olan fəhlələrə “Yorulmayasınız!” deyib keçirdik ki, onlardan biri – nisbətən yaşlı qadın belə cavab verdi:
– Məgər doğma şəhərin gözəlliyinə, təmizliyinə qulluq etməkdən yorulmaq olar?
Onunla tanış olduq. Şərafət Həsənova idi. Uzun illərdən bəri bu parkda çalışır. Gündüzlər burada işlədiyini, axşamlar isə gəzintiyə çıxaraq sakinlərin deyib-gülüb əyləndiklərindən zövq aldığını bildirdi. Şərafət xanım daha sonra dedi:
– Cəmi 42 nəfərlik heyətlə bu böyük parka xidmət edirik, amma, təəssüf ki, bəzi sakinlər bunu lazımınca dəyərləndirmir, tullantıları hara gəldi, atırlar. Gərək heç kəs günbəgün gözəlləşən doğma şəhərin təmizliyini pozmaya.
Sumqayıt həm də ölkəmizin ən yaşıl şəhəridir. Burada adambaşına 26 kvadratmetr yaşıllıq düşür. Bu, nadir ekoloji göstəricidir. Şəhərin yaşıllıqlarına qulluq və mühafizəni, eləcə də ağac və bəzək kollarının ilbəil artırılmasını Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi həyata keçirir.
Öyrəndiyimizə görə, idarənin xidmət ərazisi son 10 ildə 2 dəfə artaraq, 1093,4 hektarlıq dislokasiyanı əhatə edir. Cari mövsümdə şəhərdə 96 min 700 ədəd müxtəlif növ gül, 35 min 760 ədəd çeşidli ağac əkilib, 20 min kvadratmetrlik qazon (yaşıl örtük) salınıb. Yaşıllıqlara intensiv qulluq məqsədilə Bakı-Quba magistral yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində və şəhərin “Sülh” prospektində 16 min 200 metrlik sahədə yeni damla sistemi yaradılıb. 376 ünvanda mövsümi budama işləri görülüb və quruyaraq təhlükə yaradan ağaclar ərazilərdən götürülüb.
Sübh tezdən iş başında olan qocaman bağbanlar Əli Süleymanov və Əhməd Mahmudovla söhbətimiz maraqlı oldu. Əli kişi dedi:
– Bildiyimiz kimi, bağbanlıq təbiətlə ünsiyyət, səbir və zəhmətin birləşməsidir. Gərək torpağa əyiləsən ki, o da səni ucalda. Bəzən öz bağ-bağatında ağac və kol əkmək istəyən sakinlər bizdən məsləhət alırlar. Hər kəsin sorğusuna can-başla cavab veririk.
Əhməd kişi də onun sözünə qüvvət verdi:
– Dahilərdən biri deyib ki, bağ-bağça cənnətin yerdəki kiçik parçalarıdır, hər bağban isə onun memarıdır. Bir məsəl də var: Bağban bağban olsa, neyləyər bağ divarı?!
Qısa ünsiyyət zamanı bir daha əmin olduq ki, yaşıllıq həyatdır, hər kəs onun qədrini bilməlidir. İllərdən bəri məhz bu sahədə çalışmaları ilə fəxr edən bu bağbanlar kimi...
Əli NƏCƏFXANLI
XQ

