Bu yazıya başlıq olaraq Rixard Vaqnerin məşhur “Opera və dram” traktatının adını təsadüfən seçmədik. Böyük alman bəstəkarı bu ifadədə sadəcə, musiqi ilə səhnənin vəhdətini deyil, insan ruhu ilə dolu, daxili konflikt və taleyin, mübarizə və qalibiyyətin sənət vasitəsilə üzə çıxdığı xüsusi məkanı ehtiva edirdi. Amma Xuraman Qasımovadan bəhs edən yazıda bu ad istər-istəməz fərqli, demək olar ki, dərin şəxsi mənanı əks etdirir.
O, parlaq yaradıcılıq yolu ilə yanaşı, əsl dramatik həyat yolu da keçib - çətin sınaqlar, itkilər, uzun illər xəstəliklə mübarizə və onun təkrar-təkrar tamaşaçıların yanına qayıtmasına imkan verən heyrətamiz mətanət...
Xuraman xanım deyir: “Mənim həyatım royalın qara və ağ dilləri kimidir. İtkilərlə yanaşı, sevinc bəxş edən nailiyyətlərim də olub, zəfər və xoşbəxt anlar yenidən səhnəyə çıxa bilmək imkanı uğrunda uzun mübarizə dövrləri ilə əvəz olunub”.
Bu yazıda görkəmli müğənninin keçdiyi parlaq və eyni zamanda, çətin yol haqqında tam səmimi söhbət açıram.
Sərhəd. Qara Yanvar
1990-cı illərin əvvəli SSRİ-nin dağılması ərəfəsində 20 Yanvar faciəsini yaşayan ölkəmiz üçün əvvəlki dövrün başa çatması vaxtı idi. Xuraman Qasımova üçün bu, həm də şəxsi dram dövrü, əvvəlki həyatı ilə yeni - çətin sınaqlarla dolu həyatı arasında ağır savaş dövrünə çevrildi... O vaxt hamilə – doğuş ərəfəsində olan Xuraman eyvandan əsgərlərə qışqırırdı ki, insanlara atəş açmasınlar: “Axı biz bir torpağın, bir ölkənin övladlarıyıq!”...
Fevral ayında o, çoxdan gözlənilən ilk övladının dünyaya gəlməsini gözləyirdi. Lakin həmin ildə baş verən, ağır stresə səbəb olan hadisələr bədbəxtliyə gətirib çıxardı. Ona heç vaxt analıq xoşbəxtliyini yaşamaq nəsib olmadı... Onu musiqi, oxumaq, ecazkar səsi xilas etdi. Onun güc mənbəyi, hər dəfə həyata qaytaran yalnız səsi idi...
1991-ci ildə Xuraman Qasımova Rauf Abdullayevin dirijorluq etdiyi kamera orkestri ilə birlikdə Misirə qastrol səfərinə getdi və Qahirəni, sözün əsl mənasında, fəth etdi. Müğənni üçün yeni beynəlxalq perspektivlər açan sərfəli müqavilə təklif edildi. Evdəki təcili işləri başa çatdırmaq üçün Bakıya qayıtdı.
Sonra... dəhşətli xəbər gəldi... Şiş kiçik idi. Amma təcili əməliyyat lazım idi. Qahirə əvəzinə, Moskvada, “Kaşirka” xəstəxanasında aylarla davam edən üzücü müalicə başlandı.
Bir il sonra o, yenidən qastrol səfərinə çıxdı, bu dəfə bacısı Fidan Qasımova ilə birlikdə ABŞ-a getdi. Həyat, sanki tədricən adi məcrasına düşürdü. Amma xəstəlik yenidən baş qaldırdı. Bakı Onkoloji Mərkəzində əməliyyatı uğurla həyata keçirən akademik Cəmil Əliyev o vaxtdan Xuraman Qasımovanın xilaskarına çevrildi və tezliklə Hyustona uzun səfərdə onu müşayiət etdi.
Məsələ burasındadır ki, həmin vaxt AMOCO neft şirkətinin Avrasiya ölkələri üzrə sədri Robert Blanton Bakıda idi. Blanton rəhbərlikdən Xuramanın diaqnozunu öyrənəndə dərhal onun və Fidanın Amerikadakı parlaq çıxışlarını xatırladı. Müvafiq sənədlər hazırlanan kimi o, şəxsi təyyarəsi ilə Xuramanı Cəmil Əliyevlə birlikdə ABŞ-a, Hyustona apardı. O burada müalicə olunmaq üçün ixtisaslaşmış tibb müəssisələri arasında bu günə qədər dünyada ilk yerlərdən birini tutan məşhur “M.D. Anderson” Xərçəng Mərkəzinə yerləşdirildi...
Xoş gəlmisən, Xuraman!
Onun Bakıya qayıtmasını yaxşı xatırlayıram. Bu, təkcə Vətənə qayıdış deyil, həm də “Xoş gəlmisən, Xuraman!” konserti ilə yadda qalan səhnəyə dönüş idi. Dövlət Filarmoniyasında təşkil edilən bu konsert, sadəcə, musiqi tədbirinə deyil, əsl təntənəyə, milli sevginin, ümidin, insan xoşbəxtliyinin təzahürünə çevrildi.
Xuraman, sanki təkcə xəstəliyi deyil, taleyin özünü də məğlub etmişdi! Tamaşaçılar konsertin necə keçəcəyini, Xuramanın səsinin necə çıxacağını hələ bilmirdilər. Onlar, sadəcə, müğənnini alqışlamaq, yenidən səhnədə dayandığına görə sevinclərini ifadə etmək üçün gəlmişdilər.
Həmin axşam o, heç vaxt olmadığı kimi oxudu. Sanki bu 3 çətin ildə yaşadıqlarının üstündən xətt çəkirdi. Onun səsi, sanki yeni güc qazandı, xüsusi ifadəlilik və məzmunla doldu. Bundan sonra onun Aidası inanılmaz dramatik dərinliyi ilə səsləndi, Tatyanası obrazın görünməmiş bütövlüyü ilə ovsunlandı, Muzettası daha parlaq təsir bağışladı. O, xəstəliyə qalib gələcəyinə inanırdı və bundan sonra bütün həyatını səhnəyə və tələbələrinə həsr etməyi qərara aldı...
...1970-ci illərin sonu - 1980-ci illərin əvvəli Qasımova bacılarının sürətli yüksəliş dövrü oldu. 1977-ci ildə Fidan Qasımova İtaliyada keçirilən Viotti adına nüfuzlu Beynəlxalq Müsabiqədə parlaq çıxış edərək birinci mükafata layiq görüldü. Bu, Azərbaycan üçün əsl sensasiya oldu. Tezliklə Fidan xanım Azərbaycanın Əməkdar artisti, 1982-ci ildə Xalq artisti, 6 ildən sonra isə SSRİ Xalq artisti fəxri adlarına layiq görüldü.
Xuraman Qasımovanın yolu daim parlaq olub. 1977-ci ildə o, Sovet İttifaqında ən nüfuzlu müsabiqələrdən hesab edilən İfaçı musiqiçilərin Zaqafqaziya müsabiqəsinin laureatı oldu. Bu müsabiqənin qaliblərinin çoxu sonradan dünya səviyyəsində tanınıb. Həmin ilin payızında müğənni Daşkənddə keçirilən vokalçıların Qlinka adına VIII Ümumittifaq müsabiqəsinin laureatı adını qazandı. 1981-ci ildə isə Mariya Kallas adına beynəlxalq müsabiqədə birinci mükafata və Qran-priyə layiq görüldü.
Xuraman xanım xatırlayır: “O vaxt belə uğurlar Olimpiya oyunlarının qızıl medallarına bərabər idi. Qeyri-təvazökarlıq kimi səslənsə də, deyə bilərəm: digər vokalçılarımızın beynəlxalq müsabiqələrdə iştirakına yol açan biz olduq. Bu yolu birinci keçən biz olduq. SSRİ-də inanılmaz dərəcədə ciddi seçim –uzun dinləmələr və təsdiqləmələr sistemi var idi. Rusiya professorlarının süzgəcindən keçmək son dərəcə çətin idi. Xüsusən ona görə ki, həmin vaxt Vladimir Atlantov, Yelena Obraztsova, Tamara Sinyavskaya, Tamara Milaşkina və bu fonda onlardan əsla geri qalmayan Fidan Qasımova parladı”.
1982-ci ildə Xuraman Qasımova Çaykovski adına VII Beynəlxalq müsabiqənin gümüş mükafatçısı oldu. Bu, həmin illərdə dünya musiqisinin zirvəsi sayılırdı. Həmin il ona Azərbaycan SSR-in Əməkdar artisti fəxri adı verildi, iki ildən sonra Qasımova bacıları Dövlət mükafatına layiq görüldülər. 1986-cı ildə isə cəmi 35 yaşında olan Xuraman Qasımovaya Azərbaycanın Xalq artisti fəxri adı verildi.
İntibah dövrü
Xuraman xanım deyir: “Ulu öndər Heydər Əliyev həmişə bizə dəstək olub, bizimlə fəxr edib. Bakıda və ya Moskvada elə bir hökumət konserti olmurdu ki, orada biz çıxış etməyək. Yadımdadır, Kremlin Sütunlu salonunda konsertlərin birindən sonra SSRİ mədəniyyət naziri Pyotr Demiçev Heydər Əliyevə dedi: “Sizin necə də möhtəşəm müğənniniz var - Fidan Qasımova! Biz onu Böyük Teatra dəvət etmək istəyirik. Onun bacısı da var. Bəlkə, ikisini də dəvət edək”.
Heydər Əliyev isə belə cavab verdi: “Mən bu qızları sizə verməyəcəyəm. Biz də onları çox sevirik. Siz Tahir Salahovu, Müslüm Maqomayevi, Əjdər İbrahimovu bizdən aldınız. Sizdə bizim kadrlarımız kifayət qədərdir. Buyurun, onları Böyük Teatra qastrol tamaşalarına dəvət edin, amma onlar evə, bizim yanımıza qayıdacaqlar”.
Bu dahi insan yaradıcı adamları həmişə Vətəndə qoruyub saxlamağa çalışırdı. O hesab edirdi ki, insanlar, ilk növbədə, öz milli məktəbinə xidmət etməlidir.
1993-cü ilin iyununda ali kürsüyə qayıtdıqdan sonra Heydər Əliyev bizim harada olduğumuzu soruşub. Cavab veriblər ki, biz Türkiyədə yaşayırıq, orada işləyirik. O deyib: “Mən istəyirəm ki, bütün yaradıcı adamlarımız, o cümlədən Qasımova bacıları evdə olsunlar”.
Sonra əsl İntibah başladı. Çətin dövr idi: böyük bir ölkənin dağılması, müharibə, iqtisadi və siyasi böhran. Belə təsəvvür yaranırdı ki, insanların incəsənətlə maraqlanmağa vaxtı yox idi, amma Heydər Əliyev bütün sahələrdə eyni vaxtda bərpa prosesinə başladı. Bu işdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan mədəniyyətinin dostları” Fondu da mühüm rol oynadı, milli incəsənətə, yaradıcı ziyalılara fəal dəstək oldu.
1997-ci ildə ikimiz də Bakıya qayıtdıq. İlk konsertimizi xatırlayıram. Salonda qeyri-adi bir energetika vardı. Hiss edirdik ki, insanlar mədəni həyat üçün, bizim konsert ənənələrimiz üçün darıxıblar. “Qızıl üzük” romansının ifası zamanı, demək olar ki, bütün tamaşaçıların gözləri yaşla doldu... O vaxtdan biz heç yerə getməmişik, kadrlar yetişdirmişik, çoxlu tələbələrimiz var. Heydər Əliyevə söz verdiyimiz kimi, özümüzü bütünlüklə Azərbaycan vokal sənətinin inkişafına həsr etmişik”.
Dünyanın astanasında
Təbii ki, onlar hökumət konsertlərində parlaq çıxışlar edir, Azərbaycan mədəniyyətini xaricdə təmsil edir, müxtəlif ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak edirdilər. Bununla belə, mənə elə gəlir ki, dünya opera aləmi hələ də Fidan və Xuraman Qasımova bacılarını, onların istedadını həqiqi mənada kəşf edə bilməyib. Fidan xanım müsahibələrinin birində təəssüflə etiraf edib: “Ümumiyyətlə, dünya məni və Xuramanı tanımadı. Biz dünyanın astanasında idik”.
...Onların dünya opera səhnəsi ilə dialoqunun baş tutmamasının səbəbini öyrənmək istədik. Xuraman xanım dedi:
– Vəziyyəti özünüz təsəvvür edin. 1992-ci ildə Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləndə məni Moskvada kimyəvi terapiya aldığım xəstəxanadan götürüb birbaşa “Krasnaya strela” qatarına mindirdilər. Sankt-Peterburqa gəldim və Yekaterina sarayında bir neçə ariya ifa etdim. O vaxt şəhərin meri Anatoli Sobçak çox məmnun oldu. Bundan istifadə edən Polad Bülbüloğlu (o illərdə mədəniyyət naziri) Valeri Qerqiyevdən (Mariinski teatrının baş dirijoru) məni dinləməyi xahiş etdi. Onun kabinetində Aidanın ariyasını oxudum. Sonra Qerqiyev dedi: “Ay yarımdan sonra qastrol səfərinə gedəcəyik. “Fiqaronun toyu” operasından qrafinyanın partiyasını öyrənin”. Onun xəbəri yox idi ki, mən xəstəyəm, faktiki olaraq, hazırda onkoloji mərkəzdə yatıram. Bu, çox böyük risk idi...
Başqa bir imkan 1997-ci ildə ABŞ-da yarandı. O vaxt Fidanla birlikdə məşhur “Columbia Artists” agentliyində dinləmələrdə iştirak etdik və mənə dərhal “Metropoliten opera”da “Aida”nı oxumağa təklif etdilər. Lakin debütün hazırlanması və sonrakı təşviqi ciddi maliyyə xərcləri tələb edirdi: təxminən 30 min dollar. Məndə isə bu məbləğ, sadəcə, yox idi. Bundan əlavə, mənə Vaşinqtonda, Fidana isə Baltimorda çıxış etmək təklif olundu. Amma biz bir-birimizə o qədər bağlı idik ki, müxtəlif səhnələrdə və müxtəlif şəhərlərdə işləmək variantlarını istisna edirdik.
Almaniyada, daha sonra Fransada da müqavilə bağlamaq imkanları var idi, amma müəyyən məqamda çəkindim: xəstəliyin geri dönməyəcəyinə zəmanət yox idi. Mən isə heç bir yerdə özümü evdəki qədər təhlükəsiz və rahat hiss etməmişəm. Burada mənim arxamda ölkəm dayanıb, doğma torpaqdan güc alıram.
Polad iradəli əsgər kimi...
...2009-cu ildə xəstəlik özünü bir daha göstərdi. Həmin il Xuraman üçün xüsusilə ağır keçdi: yeganə qardaş Əlibəy xəstələndi. Bacılar ona diqqət göstərir, Türkiyənin ən yaxşı xəstəxanalarında müalicə etdirirdilər. Lakin onu xilas edə bilmədilər. 2009-cu ilin sentyabrında Əlibəy vəfat etdi.
Xuramanın xəstəliyi yenidən şiddətləndi və o, əməliyyat üçün Berlinə getdi: “Akademik Cəmil Əliyevə, məni müalicə edən həkimimə çox minnətdaram. O, ölkəmizin rəhbəri ilə, Heydər Əliyev Fondu ilə əlaqə saxladı. Çox qısa müddətdə müsbət cavab gəldi. Nəticədə, cərrahiyyə əməliyyatı və sonrakı bərpa dövlət səviyyəsində həll edildi”.
Müalicə uğurla keçdi və bir müddət sonra Xuramanı yenidən gördük. O (artıq neçənci dəfə!) həyata, işə və tələbələrinin yanına qayıtmaq üçün özündə güc tapdı. Polad iradəli əsgər kimi...
Bu yaxınlarda mənim xahişimlə Xuraman xanımla görüşdük. O, indi özünü yaxşı hiss etmir və kənar adamlarla əlaqəni minimuma endirib. Amma məni qəbul etdi. Mən ona “Heydər Əliyev və yaradıcı ziyalılar” adlı ikicildlik kitabımın Azərbaycan dilində yeni nəşrini verdim. İkinci cilddə Qasımova bacıları ilə iki böyük müsahibəm var. Sonra söhbətimizi diktofona yazdım. Bu söhbəti bütünlüklə təqdim edirəm. Çünki bu gözəl qadının fanatları və pərəstişkarları ordusu onun uzun müddət susmasının və ictimaiyyət qarşısına çıxmamasının səbəbini bilməlidir:
– Bilirsən, sən əsl qəhrəmansan – “Səhnə qəhrəmanı!” Belə bir fəxri ad olsaydı, sənə verərdim. Bəs necə? Səslənir! Bunun necə mümkün olduğunu təsəvvürə də gətirə bilmirəm: yorucu kimyəvi terapiya seansları, şüa terapiyası və demək olar ki, dərhal səhnəyə qayıtmaq. Kimyəvi terapiya və səhnə... demək olar ki, uyğun gəlməyən şeylər.
– Bu sözlər mənə aid deyil. Bilirsənmi nə üçün? Çünki səsim həmişə yanımda idi. 2009-cu ildə müalicə olunduqdan sonra sağaldım, lakin 10 il sonra koronavirusa tutuldum. Üstəlik, mənə peyvənd vurulmuşdu. Bir müddət sonra vəziyyətim ağırlaşdı, məlum oldu ki, ağciyərlərim zədələnib, səs tellərinə gedən sinir “yatıb”. İndi onlar iflic olublar...
3 həftədə bir dəfə kimyəvi terapiya üçün Türkiyəyə gedirəm. Artıq 11 seans keçirmişəm. Hələ nə qədər qaldığını bilmirəm, amma ümidimi itirmirəm...
Ölkəmdən böyük dəstək hiss edirəm. Mən ilk növbədə, Cəmil Əzizoviçin rəhbərlik etdiyi Azərbaycan Milli Onkologiya Mərkəzində 40 ilə yaxındır məni müşahidə altında saxlayan və xilas edən həkimlərimə, məni müalicə edən həkim Elçin Mansurova çox minnətdaram. Mən həm də Heydər Əliyev Fondunun böyük himayəsini hiss edirəm. Ona görə də bütün bu illər ərzində məni izləyən və nəhayət, ürəyimdən vuran, məni əsas sərvətimdən – səsimdən məhrum edən dəhşətli xəstəliklə mübarizə apara bilirəm. Amma o, məni yaşamaq əzmindən və hər şeyin yaxşı olacağına ümid bəsləməkdən məhrum etmədi...
Təbii ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, onun bütün müavinlərinə, katibliyə səmimi təşəkkürümü ifadə etməyə bilmərəm. Və əlbəttə, dövlətimizin başçısı İlham Əliyevə minnətdaram.
– Sənin hekayətin tamamilə möhtəşəmdir, əziz dostum. 30 ildən artıqdır ki, ölümcül xəstəliklə mübarizə aparmaq, saysız-hesabsız kimyəvi terapiya seansları və digər mürəkkəb manipulyasiyalar. Sonra evə qayıtmaq, xoşbəxt bir təbəssümlə səhnəyə çıxmaq və oxumaq. Bu, böyük hünərdir!
– Bütün bunların mənim üçün nəyə başa gəldiyini yalnız Fidan bilir. Və yenə də özümü xoşbəxt insan hesab edirəm...
– İnanırıq ki, sənin səsin də qayıdacaq. O, artıq qayıdır...
Təbrik və dua
...Bunun, həqiqətən, belə olub-olmadığını deyə bilmərəm, amma mənə elə gəlir ki, bugünkü cəmiyyət əvvəlkindən daha biganə olub. Əvvəllər insanlar xəstəliklərini gizlətmirdilər. İndi isə xəstə olmaq, sanki qəbahətdir...
Hər halda, mən öz dostlarımın, tanışlarımın xəstələnməsindən təsadüfən, bir qayda olaraq, sonra xoşbəxtlikdən, onların həyat və sağlamlığı üçün təhlükə artıq sovuşandan sonra xəbər tuturam.
Dünya daralıb, yaxınlaşıb, əlçatan olub, insanlar isə əksinə, sanki bir-birindən uzaqlaşıblar. Amma bizim adət-ənənələrimizdə heç vaxt belə olmayıb...
Buna görə də sevimli, görkəmli müğənnimizə və sadəcə, heyrətamiz dərəcədə güclü qadına dözüm, əzm və səbir arzulayaraq əlavə etmək istərdim ki, o, həqiqətən tək deyil. Biz hamımız onun arxasındayıq, onun arxasında dəyərli Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dayanıb. Bütün ölkəmiz onun arxasındadır!
Ad günün mübarək, əziz Xuraman!
Tanrı səni qorusun!
Elmira AXUNDOVA,
Azərbaycanın Xalq yazıçısı


