Ümumi təhsil müəssisələrində rəqəmsal savadlılıq üzrə təlimlərə start verilib

post-img

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Təhsilin inkişafı” işçi qrupunun Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə ümumi təhsil müəssisələrində “İnternet təhlükəsizliyi və rəqəmsal savadlılıq” mövzusunda təlimlərə başlanılıb.

Bu haqda “Xalq” qəzetinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Təlimlərin əsas məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müasir rəqəmsal yanaşmaların tətbiqi, şagirdlərin internet mühitində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, kibertəhlükələrdən qorunma və şəxsi məlumatların mühafizəsi sahəsində biliklərinin artırılmasıdır. Eyni zamanda müəllimlər və təhsil işçilərinin rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi də layihənin əsas hədəflərindəndir. 

Təsdiq olunmuş qrafikə əsasən təlimlərin cari il ərzində şəhər və rayonlar üzrə, ümumilikdə 20 ümumi təhsil müəssisəsində keçirilməsi nəzərdə tutulur.

Layihəyə ilkin mərhələdə Naxçıvan Qızlar Liseyində start verilib. Təlim proqramı çərçivəsində Nazirliyin əməkdaşı Kənan Hüseynəliyev tərəfindən müəllimlər üçün rəqəmsal savadlılıq, şagirdlər üçün isə internet təhlükəsizliyi mövzularında ayrı-ayrılıqda təlimlər keçirilib. Təlimlər zamanı rəqəmsal alətlərin tədris prosesində tətbiqi və internet üzərindən informasiyasının düzgün əldə edilməsi, ötürülməsi, şəxsi məlumatların qorunması, eləcə də onlayn etik davranış qaydaları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlər növbəti mərhələlərdə də davam etdiriləcək və əldə olunan biliklərin təhsil müəssisələrində praktik şəkildə tətbiqi təmin olunacaq. Bu təşəbbüs ümumtəhsil sistemində rəqəmsal savadlılığın artırılmasına və uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Səbuhi HƏSƏNOV

 

 

 





Təhsil