Vaşinqtonda siyasi rüzgarlar dəyişir
ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə Palatanın üzvü Don Beykon sosial şəbəkə X vasitəsilə məlumat verib. Onun sözlərinə görə, 353 konqresmen layihənin lehinə, 76 nəfər isə əleyhinə səs verib.
Sözügedən HR4016 saylı qanun layihəsi artıq Senata təqdim olunub. Sənəd Senatda dəyişdirilə, olduğu kimi qəbul edilə və ya rədd edilə bilər. Qəbul olunduğu təqdirdə isə, sənəd ABŞ Prezidentinin imzasına göndəriləcək.
Bu arada, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı ritorikası da dəyişib. Prezident Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Onun sözlərinə görə, Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər artıq Ukraynaya yola salınıb.
Tramp bildirib ki, bu bəyanatlardan sonra hələ Rusiya Prezidenti Vladimir Putinlə danışmayıb. O, həmçinin qeyd edib ki, Putin yeni sanksiyalar qüvvəyə minməzdən əvvəl atəşkəs sazişinə razılıq verməlidir. Trampın fikrincə, Ukrayna Moskvanı vurmağa çalışmamalıdır.
Qeyd edək ki, Konqresdə siyasi mövqelər də dəyişməkdədir. Təxminən iki il əvvəl Respublikaçılar Ukraynaya yardımın davam etdirilməsinə qarşı çıxırdılarsa, bu gün onların bir çoxu Trampın mövqeyinə yaxınlaşmağa başlayıb.
S.ELAY
XQ