46 nəfər daşiyan təyyarə radarlardan yoxa çıxıb

post-img

Rusiya Federasiyasının Amur vilayətində sərnişin təyyarəsi ilə rabitə kəsilib. Bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb. Bildirilir ki, hadisə Habarovsk–Blaqoveşensk–Tındı marşrutu üzrə hərəkət edən “Angara” aviaşirkətinə məxsus An-24 tipli təyyarə ilə baş verib. Təyyarənin göyərtəsində 46 sərnişinin olduğu qeyd olunur.

Məlumata görə, hava gəmisi sonuncu təyinat məntəqəsi olan Tındı şəhəri yaxınlığında radarlardan itib və onunla əlaqə tamamilə kəsilib. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub. Axtarış və xilasetmə əməliyyatları aparılır. Təyyarənin taleyi hələlik naməlum olaraq qalır.

Xatırladaq ki, bir gün öncə daha bir aviasiya insidenti baş verib: FlyOne aviaşirkətinə məxsus İrəvan–Kişinau reysi qəza enişi edib. Təyyarədə texniki nasazlıq səbəbilə heyət təhlükəsizlik prosedurlarına uyğun təcili eniş həyata keçirib. Hadisə nəticəsində bir neçə sərnişin güclü stress səbəbilə tibbi yardıma ehtiyac duyub.

Rəsmi qurumlar hadisələrlə bağlı əlavə məlumatların veriləcəyini bildiriblər.

S.ELAY

XQ

 

Dünya