Avropa İttifaqının doqquz ölkəsi müdafiə qabiliyyətini və iqtisadiyyatını gücləndirmək üçün kredit alacaq. Avropa Komissiyası blokun şərq ölkələrini dəstəkləmək üçün “EastInvest” adlı yeni bir strategiya təqdim edib.
Məlumatı “Euronews” verib.
Doqquz ölkə ümumi məbləği 28 milyard avro olan kredit alacaq. Bu ölkələr Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Finlandiya və Estoniyadır. Onlar ya Rusiya, Belarus və ya Ukrayna ilə həmsərhəddir, ya da Qara dənizdə yerləşir.
Brüsselin məlumatına görə, bu ölkələrin hamısı Ukraynadakı müharibədən dolayı yolla əziyyət çəkib: iqtisadi tənəzzül, sərhəd bölgələrindən əhalinin axını və Moskvadan hibrid təhdidlər müşahidə olunub.
Kreditlər, xüsusən də rəqəmsal sahədə təhlükəsizlik və müdafiə imkanlarını gücləndirmək, təhsil proqramları və iş yerlərinin yaradılması, eləcə də infrastrukturun saxlanılması və təkmilləşdirilməsi üçün istifadə olunacaq. Ayrı bir bənd Baltikyanı ölkələrin enerji şəbəkələrinin ümumavropa sisteminə inteqrasiyasıdır.
Vəsaitlərin ölkələr arasında dəqiq necə bölüşdürüləcəyinə 26 fevralda keçirilməsi planlaşdırılan xüsusi iclasda qərar veriləcək.
P.ƏMİRCANOV
XQ

