Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatın sərgisi keçirilir

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında son bir ay ərzində fonda daxil olan yeni ədəbiyyatın sərgisi təşkil olunub. Sərgidə müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, elmi araşdırmalar, monoqrafiyalar, bədii və sənədli nəşrlər nümayiş etdirilir.

Təqdim olunan nəşrlər arasında “Ekonometrikaya giriş”, “Biznes və iqtisadiyyat üçün statistika”, “Statistik nəticəçıxarma”, “İqtisadi idarəetmə və strategiya”, “Sosial işin etikası”, “Sistemli analiz və modelləşdirmə”, “Azərbaycan Respublikasının mediasiya hüququ” dərs vəsaiti, “Beynəlxalq tibb hüququ. Xüsusi hissə” dərs vəsaiti, “Beynəlxalq publik hüquq kursu” dərslik, Rauf Rüstəmovun “Vəkillik fəaliyyətinin hüquqi əsasları”, “Pedaqogika” və iki dünya müharibəsi arasında olan dövrdə və İkinci Dünya müharibəsi illərində dünya dövlətlərinin beynəlxalq münasibətlər və xarici siyasət tarixinə həsr edilmiş Çingiz Məmmədovun “Beynəlxalq münasibətlər tarixi” üçcildliyi yer alır.

XQ xəbər verir ki, sərgidə, həmçinin yazıçı Rüfət Hüseynlinin Vətən müharibəsi qəhrəmanı Mayor Amid Heydərova həsr etdiyi “Cəsarətin adı- AMİD” kitabı, “Bəxtiyar Vahabzadə zirvəsi” elmi araşdırmalar toplusu, Hikmət Məlikzadənin siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevə həsr olunmuş “Əfsanə adam” sənədli kitab-portreti nümayiş olunur.

Oxucular Üzeyir Hacıbəylinin “Fantaziya: tar və fortepiano üçün köçürmə” əsəri, “Nizaminin gözəllik dünyası”, yazıçı və publisist Ulduz Qasımın yaradıcılığına həsr olunmuş “Sözün Ulduz axarı” məqalələr toplusu, yazıçı-şair Vahid Aslanın “Çətindərə” romanı ilə də tanış ola bilərlər.

Bundan başqa, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfovanın Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin irsinə dair elektron kitabxana-informasiya resursları” monoqrafiyası, eləcə də işğaldan azad edilmiş regionların təbii sərvətlərini, geoloji vəziyyətini, ekoloji sistemini, torpaq və su ehtiyatlarını, biomüxtəlifliyini əks etdirən fundamental elmi-kartoqrafik əsər olan “Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası” adlı nəfis nəşr sərgidə xüsusi yer alıb.

Sərgi iki həftə müddətində davam edəcək. 





Elm