Kosmos əsrlər boyu insan təxəyyülünün ən dərin və sirli suallarını özündə gizlədib: Biz kainatda təkikmi? Bu sual minilliklər boyu miflərin, əfsanələrin, daha sonra isə elmi fərziyyələrin mərkəzində dayanıb. Xüsusilə də kino sənayesi bu mövzunu geniş auditoriyaya çatdıraraq yadplanetli həyat ideyasını insan şüuruna hopdurub. İndi isə bu mövzu yenidən ciddi elmi gündəmə daşınıb. Britaniyanın kosmologiya sahəsində aparıcı mütəxəssislərindən biri bəşəriyyətin qarşıdakı təxminən 50 il ərzində yadplanetli həyatla qarşılaşa biləcəyini bəyan edib. “Daily Mirror” nəşrinin yazdığına görə, alim bu fikrini müasir elmin sürətli inkişafı və kosmosun daha dərindən öyrənilməsi ilə əsaslandırır.
Elmlər doktoru və teleaparıcı Meqqi Aderin-Pokok Kral İnstitutunun Milad mühazirələri ərəfəsində çıxış edərək yadplanetli sivilizasiyanın aşkar olunmasının 2075-ci ilə qədər baş verəcəyini proqnozlaşdırıb. Lakin o xəbərdarlıq edib ki, Stiven Spilberqin "Yadplanetli" (E.T.) filmindəki kimi humanoidlə qarşılaşmaq gözləntiləri özünü doğrultmaya bilər. Onun fikrincə, daha çox ehtimal olunan kəşf "boz selik" kimi bir şey olacaq.
"Boz selik tapacağımız ən ehtimal olunan şeydir", - deyə Aderin-Pokok bildirib. Bununla belə, o, kommunikasiya texnologiyaları Yer kürəsindəkiləri əhəmiyyətli dərəcədə üstələyən yüksək inkişaf etmiş yadplanetlilərlə təmas imkanını da istisna etmir.
Kosmoloq öz optimizmini Dreyk tənliyinə və müşahidə olunan kainatdakı planetlərin nəhəng sayına əsaslandırır ki, bu da Yer kürəsindən kənarda həyatın statistik ehtimalını hədsiz dərəcədə artırır. O xüsusilə atmosferində artıq mümkün biomarkerlərin aşkar edildiyi "K2-18b" ekzoplanetinin öyrənilməsinə böyük ümidlər bəsləyir.
Qeyd edək ki, yadplanetlilərlə qarşılaşma ideyası bizə yad deyil. “Ulduz müharibələri”, “Avatar”, “Müstəqillik günü”, “Marslı”, “Əlaqə” kimi onlarla fantastik filmlərdə bəşəriyyətin kosmosdan gələn naməlum varlıqlarla təması müxtəlif ssenarilərlə təsvir edilib. Bəzən bu qarşılaşmalar təhlükə və fəlakət, bəzən isə əməkdaşlıq və yeni biliklərin qapısı kimi təqdim olunub. Bu filmlər uzun illər boyu insanlarda həm maraq, həm də qorxu yaradıb. Lakin alimlərin fikrincə, kino fantaziyası ilə real elmi axtarışlar arasında getdikcə daralan bir məsafə var.
Ümumiyyətlə alimlərin hesablamalarına görə, müşahidə oluna bilən kainatda yüz milyardlarla qalaktika mövcuddur və hər qalaktikada da milyardlarla ulduz yerləşir. Bu ulduzların ətrafında fırlanan planetlərin sayı isə təsəvvür ediləndən qat-qat çoxdur. Son onilliklərdə NASA və Avropa Kosmik Agentliyi tərəfindən minlərlə ekzoplanet – yəni Günəş sistemindən kənarda yerləşən planetlər – aşkar edilib. Onların bir qismi “yaşana bilən zona”da yerləşir; yəni üzərində suyun və potensial olaraq həyatın mövcud ola bilməsi üçün uyğun şərait var.
Mütəxəssislər vurğulayır ki, James Webb kimi güclü kosmik teleskoplar planetlərin atmosfer tərkibini analiz etməyə, orada oksigen, metan və ya digər bioloji aktiv qazların izlərini axtarmağa imkan verir. Bundan əlavə, Mars, Avropa (Yupiterin peyki) və Enselad (Saturnun peyki) kimi obyektlərdə mikrob səviyyəsində həyatın mövcudluğu ehtimalı ciddi şəkildə araşdırılır.
Yadplanetli həyatla təmas ideyası təkcə elmi deyil, həm də fəlsəfi, dini və sosial suallar doğurur. Əgər kainatda başqa ağıllı varlıqların mövcudluğu sübuta yetirilərsə, bu, insanın özünü dərk etmə tərzini köklü şəkildə dəyişə bilər. Alimlərin bir qismi hesab edir ki, belə bir kəşf bəşəriyyəti daha da birləşdirə, Yer planetinə və onun gələcəyinə münasibəti dəyişdirə bilər. Digərləri isə bunun qorxu və qeyri-müəyyənlik yarada biləcəyini düşünür.
Bununla belə, kosmoloqlar ehtiyatlı olmağa çağırırlar. Elm sensasiyaya deyil, sübutlara əsaslanır. Hər bir siqnal, hər bir tapıntı dəfələrlə yoxlanılmalı, alternativ izahlar istisna edilməlidir. Tarixdə “yadplanetli siqnal” kimi təqdim edilən, lakin sonradan təbii proseslərlə izah olunan hallar az olmayıb.
Görünən odur ki, yadplanetli həyatla qarşılaşma ehtimalı bu gün artıq fantastik filmlərin süjeti olmaqdan çıxaraq ciddi elmi müzakirə mövzusuna çevrilib. Britaniyalı kosmoloqun proqnozu reallaşsa da, reallaşmasa da, bir həqiqət var: insanın kainatı anlamaq istəyi sönməyəcək. Bəlkə də qarşıdakı onilliklərdə kosmosdan gələn bir siqnal bizə tək olmadığımızı sübut edəcək. Ya da bu axtarışlar bizi Yer üzündəki həyatın nə qədər nadir və qiymətli olduğunu daha dərindən dərk etməyə vadar edəcək. Hər iki halda, kosmosa baxan insan üçün suallar cavablardan heç vaxt az olmayacaq.
Nurəngiz Adilqızı
XQ

