Gənc voleybolçular sınaqdan keçirilir

post-img

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların seçilməsinə yenidən start verib.

AVF-dən verilən məlumata görə, “Seçim günü” çərçivəsində ilk mərhələ yanvarın 13-də Bakı şəhərində təşkil olunub. Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Bakı Regional Voleybol Klubunda məşq edən 100-ə yaxın 2012–2013-cü il təvəllüdlü qız voleybolçunun hazırlıq səviyyəsi ilə yaxından tanış olub.

Seçim zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, məşqçilər heyəti tərəfindən onların fiziki və texniki göstəriciləri qeydə alınıb. Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaqlar.

Növbəti “Seçim günü” yanvarın 17-də Sumqayıt şəhərində yerləşən Şərqi Zəngəzur Regional Voleybol Klubu və Sumqayıt Regional Voleybol Klubunun bazasında keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman