Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi”nə həsr olunmuş mətbuat konfransı keçirilib.
Əvvəlcə, 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil edilmiş “Türk Ticarət Sərgisi” haqqında video-çarx təqdim olunub.
Sonra, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru, Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klubunun Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digəriqtisadi sahələrin tanıdılması, inkişaf etdirilməsi, gücləndirilməsi və iş insanları arasında əməkdaşlığın genişləndirilməsidir.
Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva XQ-yə müsahibə verdi:
-Türk dövlətləri arasında bir çox sahədə geniş əməkdaşlıq münasibətləri var. Bu ölkələr arasında özəl sektorun da inkişafına dəstək olmaq üçün “II Türk Ticarət Sərgisi” platformasını yaratdıq. Bu dövlətlərin biznes nümayəndələri arasında ayda bir neçə dəfə olmaqla, görüşlər təşkil olunur. Budəfəki görüş isə Bakıda keçiriləcək sərgidə baş tutacaq. Burada, iştirakçı ölkələrə məxsus 20-dən çox yerli məhsullarla yanaşı, yeni texnoloji avadanlıqlar da sərgilənəcək. Sərgidə, həmçinin ölkələrin investisiya imkanları, iş insanlarının gündəlik həyatda üzləşdiyi problemlər, bütün bu məsələlərin həlli istiqamətində panel müzakirələr də olacaq. Nəticədə, ticarət sahəsində daha sürətli və ucuz alış-verişlər insanlar üçün əlçatan olacaq.
Qeyd edək ki, “II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" 10-12 İyun 2025-ci il tarixlərində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi’nin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və ROK Expo şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində keçiriləcəkdir. “I Türk Ticarət Sərgisi” isə Türkiyə Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyinin əməkdaşlığı və Rok EXPO şirkətinin təşkilatçılığı ilə 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil edilmişdi.
Türk Ticarət Sərgisi - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirən və Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.
Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcəkdir.
Fidan SALMANOVA
XQ