2025-ci ilin altı ayı ərzində ölkədə 48,9 min yeni iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1 faizi Şirvan-Salyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,6 faizi tikinti, 18 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi emal sənayesi, 7,8 faizi peşə, elmi və texniki fəaliyyət, 7,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi informasiya və rabitə, 2,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi təhsil, 9,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.