Füzulidə biçinə hazırlıq

post-img

Bu il rayonda 40 min 185 hektar sahədə taxıl əkilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Füzuli rayonunda mühüm layihələr uğurla icra olunur. Rayonun azad olunmuş yaşayış məntəqələrində müasir infrastruktur qurulur, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bu günlərdə rayonda baramaçılığın inkişafına və taxıl biçininə hazırlıq işlərinə həsr olunmuş müşavirədə də bu barədə ətraflı söhbət açılıb, qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilib. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkə başçısının qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir. Qeyd olunub ki, 2026-cı ildə rayon üzrə 79 kümçü 200 qutudan çox ipəkqurdu toxumu ilə təmin edilib. Barama yetişdirilməsi üçün nəzərdə tutulmuş 2 min 900 kvadratmetr sahə əvvəlcədən dezinfeksiya olunub. Ümumilikdə, cari ildə rayonun müxtəlif yaşayış məntəqələrində bu sahəyə 300-ə yaxın sakin cəlb edilib.

Rayonda ənənəvi sahə olan ipəkqurdularının bəslənilməsi üçün əlverişli yem bazası yaradılıb. Son illərdə həm yerli, həm də Çin Xalq Respublikasından gətirilən tut tingləri əkilərək əhalinin istifadəsinə verilib. Kümçülərə göstərilən dövlət dəstəyi nəticəsində bu sahəyə maraq artıb, məhsuldarlığın yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı rayonda kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar yaradıb. Subsidiyaların verilməsi, fermerlərin gübrə, yanacaq və kənd təsərrüfatı texnikaları ilə təmin olunması məhsuldarlığın artmasına mühüm təsir göstərib.

Rayonda əkin sahələrinin həcmi genişlənib, fermerlərin iş şəraiti daha da yaxşılaşıb. 2026-cı ilin məhsulu üçün rayon ərazisində, ümumilikdə, 40 min 185 hektar sahədə taxıl əkilib ki, bunun da 23 min 162 hektarını buğda, 17 min 23 hektarını isə arpa sahələri təşkil edir. Rayon üzrə taxıl sahələrində biçin kampaniyasının mütəşəkkil keçirilməsi məqsədilə bütün texnika və işçi qüvvəsi tam hazırlıq vəziyyətinə gətirilib. Hazırda rayonda kənd təsərrüfatı təşkilatlarının, eləcə də fiziki və hüquqi şəxslərin balansında olan 47 ədəd taxılyığan kombaynın hamısı təmir edilərək istismara hazır vəziyyətə gətirilib.

Kombaynların məhsuldar işləməsi üçün xüsusi qrafik hazırlanıb və texnikaların bölgüsü aparılıb. Əkinlərin növbəli şəkildə biçilməsi, yarana biləcək narazılıqların aradan qaldırılması və biçilən məhsulun uçotunun dəqiqləşdirilməsi məqsədilə xüsusi nəzarətçilər təyin olunub. Biçin kampaniyasının vaxtında və itkisiz həyata keçirilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Mikayıl QULİYEV,
XQ-nin bölgə müxbiri

İqtisadiyyat