Barmaq mütləq mürəkkəblənməlidir
Əgər vətəndaş barmağına xüsusi mürəkkəbin vurulmasına razılaşmasa, qanunvericilkdə ona qarşı hansı tədbirin görülməsi nəzərdə tutulub?
“Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının dünənki iclasında sədr Məzahir Pənahov bu məsələyə aydınlıq gətirib. O, həmin vətəndaşlara seçki bülleteni verilməyəcəyini və onların dərhal məntəqəni tərk etməli olduqlarını bildirib: “Amma onlara qarşı heç kim məcburetmə tətbiq edə bilməz”.
Bülletenlər DSK-lara aparılır
Bu gündən seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılıb. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə MSK-nın iclasında məlumat verilib.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılıb. Seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi isə avqustun 27-dək yekunlaşmalıdır.
Veb-kameralarla izləmə sərbəstdir
“Seçki günü proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan istifadə olunur”.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu MSK-nın iclasında sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs – istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasiləsiz müşahidə edə biləcək.
Qarabağda səs vermək ikiqat şərəfdir
“Milli Məclisə seçkilər Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, azad olunmuş torpaqlarda, Qarabağda reallaşdırılacaq ikinci mühüm seçki prosesi olacaq”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O qeyd edib ki, Qarabağa seçki prosesinin qayıtması hər kəsi sevindirir: “Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə səs verməsi tarixi hadisədir. Bu, həmin ərazilərdən Milli Məclisə seçiləcək şəxslər üçün ikiqat məsuliyyətdir. Seçkilər xalqımız, dövlətimiz üçün uğurlu olacaq”.




