“112 saylı Zaqatala seçki dairəsinin inzibati ərazisində 43 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin 43 seçki məntəqə üzrə seçicilərin ümumi sayı 50 min 225 nəfərdir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 112 saylı Zaqatala DSK-nın sədri Fikrət Mustafayev deyib. Onun sözlərinə görə, seçki dairəsi üzrə 281 şəxs ilk dəfə səsvermədə iştirak edəcək: “Dairənin ən yaşlı seçicisi isə Yegiyan kənd sakini 101 yaşlı Gülməmmədova Ribeydə Murad qızıdır. 1923-cü il təvəllüdlü R.Gülməmmədovanın adı 33 saylı məntəqədə seçicilərin siyahısındadır”.
DSK sədri qeyd edib ki, komissiya üzvləri üçün mərhələli şəkildə treninqlər təşkil olunub, həmin treninqlərdə MSK üzvləri də iştirak ediblər: “Seçki məntəqələrinin təchizatı ən yüksək səviyyədədir. Səsvermə prosesi ilə bağlı maarifləndirici materiallar artıq qanunvericiliklə müəyyən olunan yerlərə vurulub. Beynəlxalq müşahidəçilər iki dəfə DSK-da olublar. 112 saylı seçki dairəsindən 7 nəfər imza vərəqəsi götürmüşdü və hamısının namizədliyi qeydə alınıb”.

