“Seçki qanunvericiliyi, seçki prosesini təşkil edən komissiyaların fəaliyyəti və seçki təcrübəsi səsvermə prosesinin demokratik və şəffaf keçirilməsini şərtləndirən amillərdəndir. Azərbaycanda Seçki Məcəlləsi, Mərkəzi Seçki Komissiyasının (MSK) və alt komissiyaların fəaliyyəti, eləcə də təcrübəsi Milli Məclisə seçkilərin beynəlxalq standartlara uyğun baş tutacağına zəmin yaradır”. Bunu “XQ”yə açıqlamasında Siyasi Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri Adıgözəl Məmmədov deyib.
A.Məmmədov bildirib ki, 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsi seçicilərin və seçilənlərin hüquqlarını tam təmin edir: “Mövcud seçki qanunvericiliyi demokratik seçkinin əsas bazasını təşkil edir. Fəaliyyətini qanunvericiliyə uyğun quran MSK və alt komissiyalar bugünədək keçirilən seçkilərdə böyük təcrübə qazanıblar. Ümumiyyətlə, Azərbaycanın seçki təcrübəsi dünyanın bir çox ölkələri üçün nümunə hesab oluna bilər”.
Mərkəz rəhbəri onu da deyib ki, seçkiqabağı təşviqat kampaniyasında qeydə alınmış namizədlərə bərabər şəraitin yaradılması seçkilərin tam şəffaf keçiriləcəyini şərtləndirən amillərdən biridir: “Beynəlxalq və yerli müşahidəçilərin qeydiyyatı prosesi başa çatmaq üzrədir. Müşahidəçilərin sayının çoxluğu seçkilərə həm beynəlxalq, həm daxili diqqətin artmasını göstərir. Azərbaycanın seçki demokratiyasını nümayiş etdirən amillərdən biri də səsvermə prosesinin şəffaf keçirilməsi məqsədilə müşahidəçilərə müstəsna hüquqların verilməsidir. Bütün bunlar Milli Məclisə seçkilərdə demokratik prinsiplərin prioritet olacağını və bu seçkilərin beynəlxalq müstəvidə seçki nümunələrindən birinə çevriləcəyini deməyə əsas verir”.

