Mayın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. S.Qafarova iclasda 13 məsələnin müzakirə olunacağını nəzərə çatdırıb.
Gündəliyin birinci məsələsi barədə məlumat verən parlamentin sədri qeyd edib ki, Prezidentin təqdimatına əsasən, Milli Məclis Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsinə münasibət bildirməlidir.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair məlumat verib. O, Kamran Əliyevin Baş prokuror kimi çalışdığı dövrdə prokurorluq orqanlarında islahatların müasir tələblərə uyğun daha da dərinləşdirildiyini və öz müsbət nəticəsini verdiyini söyləyib. Komitə sədri bu illər ərzində ölkədə aparılan korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb. Əli Hüseynli qeyd edib ki, müasir dövrdə Prokurorluq və hüquq-mühafizə orqanları, güc strukturları arasında səmərəli əməkdaşlıq mövcuddur. Bunun nəticəsində ölkəmizdə mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı effektiv mübarizə həyata keçirilir.
Sonra Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi məsələsi səsə qoyularaq qəbul edilib.
Plenar iclasda çıxış edən Kamran Əliyev onun bu mühüm vəzifəyə yenidən təyin olunmasına dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə öz adından və prokurorluq orqanlarının kollektivi adından təşəkkürünü ifadə edib.
Sonra parlamentin sədri növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Azər Əmiraslanov məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
A.Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova digər iki məsələnin bir oxunuşda qəbul ediləcəyini söyləyib. O, növbəti məsələnin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu nəzərə çatdırıb. Komitə sədri Əli Hüseynli bu qanun layihəsi barədə məlumat verərək, sənədin ölkə Prezidenti tərəfindən təqdim olunduğunu deyib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Komitə sədri A.Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə söhbət açıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri gündəliyin qalan 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. mək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
XQ