Mayın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kənd sakini şəhid Məmmədov Muxtar Bayram oğlunun qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri də tədbirdə iştirak ediblər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldıqdan sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhidin cənazəsi doğulduğu Dəmirçi kəndinə yola salınıb.
Səlahiyyətli nümayəndə şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.