Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Əmman şəhərində “Qərbi Azərbaycan mədəni irsinin izi ilə” mövzusunda elmi-praktiki konfrans və Qərbi Azərbaycana aid maddi mədəniyyət nümunələrindən ibarət “Qərbi Azərbaycan mədəniyyəti” adlı sərgi təşkil olunub.
Sərgidə nümayiş olunan eksponatların kataloqu və Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası tədbir iştirakçılarına təqdim edilib, həmçinin “Qərbi Azərbaycanın zəngin mədəni irsi” adlı videoçarx nümayiş olunub.
Konfrans Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların mədəni irsi, mülkiyyət hüquqları və indiki Ermənistan ərazisində onlara aid abidələrin vəziyyəti barədə məlumatların İordaniya ictimaiyyətinə çatdırılması məqsədilə keçirilib.
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov çıxış edərək, bu tədbirin bütöv bir xalqın hüquqlarının, mədəniyyətinin və mənəvi irsinin bərpasına yönəldiyini bildirib. İordaniyanın Baş nazirinin müavini, Yerli idarəetmə nazirinin müşaviri və “Yaxın Şərqdə Sülh Mədəniyyəti Birliyi”nin rəhbəri Məhəmməd Əl-Malkavi iki qardaş xalq arasında mədəni bağlılığı yüksək qiymətləndirib. O, Ermənistan ərazisindən didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təbii hüquqları olduğunu qeyd edib.
Daha sonra səfirlikdə təşkil edilmiş “Qərbi Azərbaycan mədəniyyəti” adlı sərginin açılış mərasimi keçirilib. Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən biri, tədqiqatçı, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis Məhəmməd Əl-Bağdadinin kolleksiyasından seçilmiş, Qərbi Azərbaycan mədəni irsinin zənginliyini, orijinallığını və tarixi dərinliyini əyani şəkildə nümayiş etdirən tekstil, zərgərlik, metal məmulatları, tarixi sikkələr və digər əşyalar sözügedən sərgidə nümayiş olunub.
XQ