Xaçmaz Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları soydaşlarımızı həmin yerlərdən didərgin salıb.
İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, Prezident İlham Əliyevin soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyindən danışıb.
Qurumun Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov, Müşahidə şurasının sədri Misir Mərdanov və başqaları çıxışlarında bildiriblər ki, bu cür konfranslar Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
***
Dünən Xaçmaz rayonunda “Konstitusiya və suverenlik ili” çərçivəsində rayon icra hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan - Yurd yerimiz” adlı festival da keçirilib.
Festival çərçivəsində qonaqlar Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olub, aşıq el sənəti, yallı nümunələri və Qərbi Azərbaycana aid bədii qiraət nümunələrindən ibarət kompozisiyalara baxıblar.
Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
XQ