İyulun 11-12-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində “Dubrovnik Forumu – dəyişikliyə yön vermək” adlı beynəlxalq tədbirdə iştirak edib.
XİN-dən XQ-ə verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Forumun “Avropa və Asiyanın birləşdirilməsi: Tərəfdaşlıq və rifah yolları” adlı panel müzakirəsinə qatılıb. O, çıxışında Avropa ilə Asiya arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin beynəlxalq sabitlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb etdiyini qeyd edib, Azərbaycanın bu iki qitə arasında yerləşən etibarlı tərəfdaş və dayanıqlı nəqliyyat-logistika dəhlizi kimi artan roluna toxunub.
Nazir müavini, Azərbaycanın nəqliyyat, enerji və kommunikasiya sahələrində təşəbbüskarı olduğu çoxtərəfli layihələr vasitəsilə regionlararası inteqrasiyaya mühüm töhfə verdiyini və Avrasiya məkanında strateji əlaqələndirici rol oynadığını vurğulayıb.
Forum çərçivəsində nazir müavini Elnur Məmmədov Çin Xalq Respublikasının nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə xüsusi nümayəndə Lu Şaye ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri, bu çərçivədə son illər ərzində həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış əməkdaşlıq sənədləri ətrafında müzakirə aparılıb.
Bununla yanaşı, Tailand Krallığının xarici işlər nazirinin müavini Russ Jaliçandra ilə keçirilmiş görüş zamanı Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək məsələləri nəzərdən keçirilib.