Böyük Britaniyanın “Apolitical” platforması Azərbaycanda dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində son illər əldə edilmiş uğurlara dair məqalə dərc edib.
XQ xəbər verir ki, məqalədə Azərbaycanda rəqəmsal platformalar vasitəsilə sosial xidmətlər infrastrukturunun modernləşdirilərək, daha şəffaf, səmərəli, əlçatan, vətəndaşyönlü edildiyi qeyd olunur. Sosial sahədə xidmətlərin rəqəmsallaşdırılmasına dair ölkəmizdə mövcud hüquqi və institusional çərçivə, vətəndaşların sosial müdafiə mexanizmlərinə çıxışının sadələşdirilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılır.
“E-sosial” portalının faydaları, 2018-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərinin 90 faizdən çoxunun rəqəmsallaşdırıldığı, 2019-cu ilin əvvəlindən istifadəyə verilən proaktiv xidmətlər, onların əhəmiyyəti qeyd edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin dövlət qurumlarının 80-dən çox qurumun informasiya sistemi ilə inteqrasiya şəraitində fəaliyyət göstərdiyi vurğulanır.
Ölkəmizin sosial sahədə rəqəmsal uğurlarının beynəlxalq səviyyədə də tanınaraq ən yaxşı təcrübələr kimi xüsusi mükafatlara layiq görüldüyü, digər ölkələr üçün öyrənilə bilən qabaqcıl təcrübələr olduğu qeyd edilir.
“Apolitical” 2015-ci ildə Böyük Britaniyada yaradılmış qlobal platformadır. Platforma dövlət qulluqçuları və ictimai sektor liderləri üçün innovativ idarəetmə, rəqəmsal transformasiya sahəsində qabaqcıl təcrübələrin yayılmasını hədəfləyir.

