Alimlər tozlu (kompleks) plazmanın xaotik dinamikasını araşdıraraq müəyyən ediblər ki, düzgün təlim keçdikdə süni intellekt müstəqil şəkildə yeni fiziki hadisələr aşkar edə bilir. Fiziklər maşın öyrənməsinə əsaslanan yeni süni intellekt modeli hazırlayıblar. Bu model tozlu plazmada hissəciklərin davranışı ilə bağlı mövcud nəzəriyyəni dəqiqləşdirməyə kömək edib.
Adətən alimlər maşın öyrənmə alqoritmlərindən böyük həcmdə məlumatların təhlili və ya təcrübələrin optimallaşdırılması üçün istifadə edirlər. Lakin bu dəfə süni intellekt modeli ən azı tozlu plazma mövzusunda təkbaşına yeni bir fiziki qanunauyğunluq kəşf edib. Tədqiqat PNAS jurnalında dərc olunub, xəbəri Popular Mechanics yayıb.
Plazmanın sirləri
Plazma maddənin dördüncü halıdır və kainatdakı bütün adi maddələrin 99,9%-ni təşkil edir. Tozlu plazma isə ionlaşmış qazın elektriklə yüklənmiş toz hissəcikləri ilə qarışığından ibarətdir. Bu tip plazmaya həm kosmosda, həm də Yer üzündə rast gəlinir. Məsələn, meşə yanğınları zamanı tüstü ilə qarışan yüklü his hissəcikləri tozlu plazma əmələ gətirir.
Yeni süni intellekt modeli tozlu plazma fizikasının indiyədək ən ətraflı təsvirini təqdim edərək, “qarşılıqlı olmayan qüvvələr” üçün dəqiq proqnozlar verib. Bu qüvvələrdə A cismin B cisminə göstərdiyi təsir, B-nin A-ya göstərdiyi təsirlə bərabər və əks istiqamətli olmur ki, bu da Nyutonun üçüncü qanununu pozur.
Sadə dildə desək, qarşılıqlı olmayan qüvvələr hissəciklər arasında cəlbetmə və itələmə qüvvələrinin bərabər olmadığı hallarda meydana çıxır. Alimlər bu fenomeni, hissəciklərin nisbi mövqelərinin qarşılıqlı qüvvələrə təsir etməsi kimi izah edirlər.
Nəzəriyyənin təsdiqi və səhvlərin düzəldilməsi
İllərdir nəzəriyyədə belə güman edilirdi ki, aparıcı hissəcik geridə qalanı özünə çəkir, lakin geridə qalan hissəcik aparıcını həmişə itələyir. Bu, nəzəri baxımdan ehtimal edilirdi, amma indi süni intellekt bu hadisəni təcrübi olaraq təsdiqləyib.
Üstəlik, süni intellekt nəzəriyyədəki bəzi yanlış təsəvvürləri də düzəldib. Məsələn, əvvəlcə hissəciyin yükünün ölçüsü ilə mütənasib olduğu düşünülürdü. Lakin məlum olub ki, daha böyük hissəcikdə yük həqiqətən çox olsa da, bu, mütənasib deyil; çünki sıxlıq və temperatur da mühüm rol oynayır. Bundan başqa, hissəciklərarası yük yalnız məsafədən deyil, ölçülərdən də asılıdır.
Elmdə yeni üfüqlər
Bu nəticəyə gəlmək alimlər üçün asan olmayıb. Çünki yeni fiziki hadisələri öyrənmək üçün geniş həcmli təlim məlumatları mövcud deyil. Buna görə də fiziklər süni intellektin mövcud məlumatları təhlil etməklə yanaşı, hələ kəşf edilməmiş fizikanı sərbəst şəkildə araşdıra biləcəyi xüsusi bir çərçivə yaradıblar.
Tədqiqatçılar hesab edirlər ki, düzgün istiqamətdə tətbiq edilərsə, süni intellekt elm dünyasında tamamilə yeni kəşflərin yolunu aça bilər.
S.ELAY
XQ