Amerikalı alimlərin apardığı yeni tədqiqat vətəndaşların qidalanma vərdişləri ilə onkoloji xəstəliklərin yaranması arasındakı əlaqəni üzə çıxarıb. Nəticələr göstərib ki, vegetarianlarda, xüsusilə də veganlarda xərçəng riski əhəmiyyətli dərəcədə aşağıdır.
Araşdırmada ABŞ və Kanadadan 79 468 nəfər iştirak edib. İştirakçıların heç birində ilkin mərhələdə onkoloji xəstəlik aşkarlanmayıb. Onlar qida tərzinə görə bir neçə qrupa bölünüb: yalnız bitki mənşəli məhsullarla qidalanan sərt veganlar, ət və balıq yeməyən, amma süd məhsulları və yumurta istifadə edən ovolakto-vegetarianlar, həmçinin ət və quş ətindən imtina edib balıq, dəniz məhsulları, süd və yumurtanı menyusunda saxlayan pesketarianlar. Bu qrupların sağlamlıq göstəriciləri ən azı həftədə bir dəfə ət yeyən insanlarla müqayisə olunub. Elmi işin nəticələri The American Journal of Clinical Nutrition jurnalında dərc edilib.
Tədqiqat hər bir iştirakçının orta hesabla 7,9 il ərzində müşahidəsinə əsaslanıb. Statistik analiz üçün xüsusi proqram təminatından və Vald testindən istifadə olunub. Müqayisələr zamanı müəyyən edilib ki, vegetarianlar, ümumilikdə, bir qədər yaşlı, daha çox müddət körpələrini ana südü ilə qidalandıran, daha az oral kontraseptivlər və ya menopauzadan sonrakı hormon əvəzedici terapiyadan istifadə edən, həmçinin təhsilli insanlardan ibarət olub.
Əldə edilən nəticələrə görə, vegetarianlarda ümumi xərçəng riski 12% azalıb. Ən çox rast gəlinən xərçəng növlərində — melanoma, qalxanabənzər vəzi, yumurtalıq və mədəaltı vəzi xərçənglərində bu göstərici 18% aşağı olub. Kolorektal xərçəng riski 21%, mədə xərçəngi 45%, limfa sistemi ilə bağlı onkoloji xəstəliklər isə 25% az müşahidə olunub.
Sərt veganlar ən yaxşı nəticələri göstərib. Onlarda ümumi xərçəng ehtimalı 24%, müxtəlif bədxassəli şişlər üzrə isə 23% aşağı çıxıb. Bununla belə, alimlər vurğulayıblar ki, istifadə olunan metod səbəb-nəticə əlaqəsini dəqiq müəyyən etməyə imkan vermir. Ancaq qidalanma ilə xərçəng riski arasındakı əlaqələrin “aydın şəkildə nəzərə çarpdığı” qeyd olunub.
Mütəxəssislər həm də araşdırmanın məhdudiyyətlərini xatırladıblar. İzləmə müddəti səkkiz ilə çatmadığından uzunmüddətli tendensiyaları qiymətləndirmək mümkün deyil. Həmçinin, iştirakçıların uşaq sayı nəzərə alınmayıb. Halbuki məlumdur ki, çoxuşaqlı insanlarda xərçəngə tutulma halları daha az olur.
S.ELAY
XQ