Qubanın gözəllik etüdləri

post-img

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə təşkil olunan “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində “Quba mənzərələri” adlı etüd-sərgi təşkil olunub.

Sərgiyə qatılan 25 nəfərlik rəssam heyəti və media nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər. Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova soyqırımı tarixi haqqında geniş məlumat verdi. Bildirdi ki, 2013-cü ilin sentyabrında açılışı olmuş kompleksin ümumi sahəsi 3,5 hektardır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə kompleksin ətrafında Qubanın simvolu olan alma bağı salınıb. Bu bağın meyvələri 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə vuruşan hərbiçilərimizə göndərilmişdir.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Quba Soyqırımı Memorial Kompleksi ilə işgüzar əməkdaşlığın həvəslə davam etdiriləcəyini bildirdi.

Sonra muzeyin əməkdaşı Abutalib Turabov giriş hissədə yerləşən “Dinc Quba” və başqa ekspozisiya nümunələrindən danışdı. 1918-ci ildə soyqırımı törədilən bölgələrin xüsusi qırmızı nişanlarla işarələnmiş Azərbaycanın xəritəsinin təsviri, 4 dildə qanlı tariximiz haqqında məlumat lövhələri, Ulu öndərin “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” haqqında imzaladığı 26 mart 1998-ci il fərmanının surəti təsəvvürləri xeyli genişləndirdi. Seyrçilər kompleksdə Quba qəzasında törədilmiş dağıntılar, zorakılıq və soyqırımı, və bu hadisələrin canlı şahidlərinin fotoşəkilləri, dindirilmə protokolları və sair sənədlərlə də ürək ağrısı ilə tanış oldular.

Daha sonra etüd sərgi iştirakçıları Qubanın Qırmızı qəsəbə, Qəçrəş meşəsi və Qudyalçay vadisində oldular. Bu məkanlarda rəssamlar gələcək əsərləri üçün eskizlər ərsəyə gətirdilər. Qubanın mənzərələrini ən gözəl şəkildə kətan üzərinə köçürdülər.

Sonda iştirakçılara diplomlar təqdim olundu.

Fidan SALMANOVA
XQ





















Mədəniyyət