XX əsr Azərbaycan xalqının tarixinə deportasiya, soyqırımı, terror kimi bəşəri faciələrinin davamlılığı ilə yazılıb. 1918-ci ilin yazında erməni millətçilərinin xalqımıza qarşı törətdiyi irimiqyaslı soyqırımı, sovet rəhbərliyinin 1948–1953-cü illərdə soydaşlarımızı Ermənistandakı tarixi məskənlərindən kütləvi surətdə deportasiya etməsi, keçən əsrin 90-cı illərində keçmiş SSRİ-nin süqutu zəminində Qərbi Azərbaycanın və Qarabağın qan çanağına döndərilməsi bəşəri cinayətlər olaraq xalqımıza misilsiz faciələrin sarsıdıcı ağrılarını yaşadıb.
Narahat ruhlar dinclik tapıb
Erməni millətçi-separatçılarının Qarabağı Azərbaycandan qoparmaq uğrunda hərbi təcavüzkarlığı daha amansız olub. Bu münaqişənin 4-cü ilində erməni cəlladların rus hərbçiləri ilə birlikdə dinc Xocalı şəhərinin yer üzündən silməsi, bir neçə minlik əhaliyə qanlı divan tutması çağdaş tarixə “Əsrin soyqırımı” kimi yazılıb. Bu sarsıdıcı qətliamın sındıra bilmədiyi xalqımız 28 illik mübarizədən sonra 2020-ci ilin payızında işğalçı Ermənistanın quldur dəstələrini darmadağın edərək ölkəmizdən qovdu.
Rusiyanın bədnam sülhməramlı missiyasının qanadı altına aldığı terrorçu erməni bandaları isə 3 illik siyasi oyunlardan sonra Xankəndi, Xocalı, Xocavənd və Ağdərədən süpürülüb atıldı. Ermənistanın hərbi cinayətlərinin icraçı və iştirakçılarının bir dəstəsi ələ keçirilərək ədələt məhkəməsinə çəkildi və layiq olduqları cəzaları aldılar. Bununla Azərbaycan xalqı, onun qüdrətli ordusu bir qərinəlik münaqişə və 2 qanlı müharibəni tarixi qələbə ilə başa çatdırdı, illər uzunu qurban getmiş on minlərlə günahsız şəhidin intiqamını aldı. Müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Bu günlərdə xalqımız Xocalı soyqırımının 34-cü ildönümünü faciə qurbanlarının xatirəsinə dərin ehtiram, dinc insanların qatillərinə sonsuz nifrət və Qarabağ zəfərinin əzəmətini təcəssüm etdirən təntənə və öyüncə qeyd edir. Xocalı qırğınının yaraları sağaldılsa da, şəhid şəhər yenidən dikəldisə də, Ermənistanın 34 il əvvəl törətdiyi bəşəri cinayət unudulmur, cinayətkarların sonadək haqq məhkəməsinə çəkilməsi, faciənin bütün dünyada soyqırımı kimi tanıdılması uğrunda inadlı, məqsədyönlü mübarizə davam edir.
34 il əvvəl xalqımızın yaşadığı faciənin başvermə səbəblərinə, həmin dövrün qanlı xronikasına nəzər yetirsək, görərik ki, erməni millətçilərinin bu təcavüzkar avantürası imperialist dairələrin Cənubi Qafqazda münaqişə ocaqları yaratmaqla regionu təsir altında saxlamaq siyasətindən qaynaqlanıb alovlanmışdı.
Azərbaycanda məsuliyyətsiz siyasi qüvvələrin hakimiyyət davası, özbaşınalıq və ümumi xaos da ermənilərin bu qırğını maneəsiz törətməsi üçün şərait yaratmışdı. O zaman Xocalının 16 kilometrliyində yerləşən Ağdamda 8 hərbi batalyon yüzlərlə döyüşçü və silahlı polis naryadı olsa da, Xocalının harayına məhəl qoyulmamış, mühasirə yarılmamışdı.
Xocalı soyqırımı isə Ermənistan–Azərbaycan münaqişəsinin müharibəyə çevrildiyi ən ağır dövrdə baş vermişdi. Keçmiş SSRİ-nin dağılması fonunda baş verən bu soyqırımının törədilməsində erməniləri xristian dünyası, ilk növbədə, rus şovinist dairələr yaxından himayə etmişdi. Məhz sovet ordusunun Rusiyanın tabeliyində qalmış 366-cı alayının iştirakı olmadan erməni quldur dəstələri bütöv bir şəhəri oda qalaya bilməzdi.
O zaman Xocalı şəhəri strateji mövqeyinə görə ermənilər üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki Xocalıda Qarabağ bölgəsinin yeganə hava limanı yerləşirdi. Təkcə bu amil kifayət edirdi ki, Xocalı hərbi baxımdan hədəfə çevrilsin. Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə rus hərbçiləri və xarici muzdlularla hücum həyata keçirildi. Şəhər mühasirəyə alındı, mülki əhali ucdantutma atəşə məruz qaldı. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi ki, 1000-dən çox insan yaralandı, yüzlərlə şəxs əsir və girov götürüldü, itkin düşdü.
Xocalı soyqırımını ilk vaxtlar daxili baiskarlar və Ermənistan və ermənipərəst dairələr ört-basdır etməyə çalışsa da, 1993-cü ildə xalqın harayına yetişmiş ümummilli lider Heydər Əliyev bu faciənin əsl soyqırımı olduğunu hüquqi baxımdan əsaslandırdı və bütün dünyanı bu bəşəri cinayətin tanınmasına çağırdı. 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması istiqamətində sistemli addımlar atıldı, müvafiq qərarlar qəbul edildi.
1949-cu il Cenevrə Konvensiyalarına əsasən, silahlı münaqişə zamanı mülki əhali xüsusi müdafiə olunmalıdır. Lakin Xocalıda bu Konvensiyanın tələbləri – beynəlxalq humanitar hüququn müddəaları kobud şəkildə pozulub. Beynəlxalq hüquqa əsasən, mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistemli hücumlar insanlıq əleyhinə cinayətlər sayılır. Bu anlayış xüsusilə Birləşmiş Millətlər Təşkilatı sənədlərində və 1998-ci ildə qəbul edilmiş Roma Statutu çərçivəsində təsbit edilib.
Roma Statutuna görə, insanlıq əleyhinə cinayətlərə qəsdən adam öldürmə, deportasiya və ya zorla köçürmə, işgəncə, təqib və digər qeyri-insani əməllər daxildir. Xocalı soyqırımı zamanı bu cinayətlərin hamısı aşkar və vəhşiliklə törədilib.
Xocalı soyqırımının dünyaya çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti, qeyri-hökumət təşkilatlarının fəaliyyəti də ötən illərdə önəmli nəticələr verib. Bu yöndə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatmış olduğu “Xocalıya ədalət!” kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində qısa müddətdə bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, bu cinayəti pisləyən bəyanatlar yayılıb. Ümumilikdə, 2008-ci ildə start verilən kampaniyada 100 minlərlə şəxs və 115 təşkilat beynəlxalq aksiyanı dəstəkləyib. Görülən işlərin nəticəsidir ki, bu vaxtadək 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalı soyqırımı barədə parlament qətnamələri qəbul edib.
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyi (ATXƏM) də aparılan bu ümumi işə öz töhfəsini verməyə çalışıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımının dünyaya çatdırılması sahəsində sistemli fəaliyyət göstərib. Yarandığı gündən qarşısına qoyduğu ana xəttdən biri də məhz Xocalı soyqırımının dünyada tanıdılması olan ATXƏM bu illər ərzində Avropanın siyasi paytaxtlarında, Brüsseldə, Strasburqda, Den Haqqda oradakı partnyor təşkilatlarla Xocalı mitinqləri keçirib, konfrans və dəyirmi masalar təşkil edib.
Belə tərəfdaş təşkilatlardan Belçikada fəaliyyət göstərən Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alinca və digərləri fəaliyyətimizə təsirli dəstək göstəriblər.
Dəfələrlə erməni lobbisi, Avropadakı erməni diasporu ATXƏM-in Xocalı soyqırımının tanıdılması istiqamətindəki tədbirlərinə mane olmağa çalışsa da, təşkilat qarşısına qoyduğu hədəfə çatmaq üçün geri çəkilməyib, çıxdığı yola uğurla davam edib. Bu gün də ATXƏM eyni missiya, eyni düşüncə də yanaşma ilə fəaliyyətini davam etdirir.
Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində o dəhşətli günü xatırlayıb kədərlənməklə yanaşı, 2020-ci ilin sentyabrından sonra yaşanan zəfər təntənələrinə nəzər salıb həm də fərəhlənir, qürurlanırıq. Artıq 3 ildir ki, Xocalımız da azaddır.
Artıq erməni işğalı altında torpağımız yoxdur. 44 günlük Vətən müharibəsinə erməni işğalçılarının torpaqlarımızdan qovulmasını təmin etmiş Ali Baş Komandanımız İlham Əliyev bizi Xocalı acısından, həsrətindən, nisgilindən azad edib.
34 il əvvəl həyatları yarımçıq qalmış Xocalı şəhidlərinin ruhu şaddır. Onların ruhu bu günlərdə həm də ona görə şaddır ki, bu şəhərdə soyqırımını həyata keçirən canilər Bakı Hərbi Məhkəməsində öz layiqli cəzalarını aldılar.
İlham İSMAYILOV,
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri


