Gələrsən, görərsən!

post-img

Avropada daşnak-separatçıların, revanşistlərin küyünə gedənlərin sayı az idi, biri də bu yandan çıxdı. Sərlövhədəki xitabımız Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flahertiyə ünvanlanıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında alovlu çıxış edən komissar O'Flaherti Bakıda “qanunsuz saxlanılan erməni məhbuslara və onlara qarşı aparılan saxta məhkəmə proseslərinə” toxunub. O qeyd edib ki, “regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin özəl hüquqlarını təmin etmək lazımdır”.

“Bakıda “qanunsuz saxlanılan erməni məhbusları” məsələsinin AŞPA-nın insan haqları üzrə komissarı kimi onun üçün prioritet sayıldığını tribunadan “qürurla” bəyan edən Maykl O'Flaherti erməni məhbusların saxlanma şəraitini və onların keçdiyi məhkəmə proseslərini diqqətlə izlədiyini bildirib.

Qarabağdakı qeyri-qanuni, separatçı rejimin “başbilənlərinin”, törətdikləri konkret əməllərinə görə məhkəmə prosesinin keçirildiyi təqsirləndirilən şəxslərin qara dosyelərindən xəbərsiz olan cənab O'Flaherti AŞPA-nın plenar iclasında Ermənistanın bu qurumdakı nümayəndə heyətinin üzvü Armen Gevorkyanın bu barədə sualını cavablandırarkən deyib: “Mən Bakıya səfərlə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparıram. Bu, həm onlardan, həm də məndən müəyyən vaxt tələb edir”.

“Mən Bakı ilə üçüncü, dördüncü dəfə əlaqə saxlayacağam. Mən mütləq bu ölkəyə getmək və bu ölkənin özündə insan haqları ilə bağlı problemləri həll etmək istəyirəm” – deyən M.O'Flahertinin hay təbliğatına uyduğu şübhə doğurmur. Onun haypərəstliyinin əsl səbəbi isə dosyesində “gizlənir”. Deməli, Şimali İrlandiya əsilli Maykl O'Flaherti hüquq təhsilinə yiyələnib, bir neçə il bu sahədə çalışdıqdan sonra Romadakı Papa Qriqorian Universitetində katolik ilahiyyatı üzrə təhsil alıb. 1987-ci ildə keşiş təyin edilib, intəhası, az sonra bu “postundan” istefa verib. Əgər, o, Roma universitetində qriqorianlığı öyrənibsə, onda hay xəstəliyinə yoluxmaması mümkün deyildi. Onun haylara gizli sevdası buradan qaynaqlanırmış.

A.Gevorkyan O'Flahertiyə müraciətində maraqlı bir faktın üstünü açıb. O, komissara xatırladıb ki, bir neçə həftə əvvəl Bakıda saxlanılan erməni məhbuslardan biri Ruben Vardanyanın beynəlxalq vəkilinin ifadəsini ona təqdim edib. Guya, vəkil həmin arayışında “Bakıda erməni məhbusların dözülməz saxlanma şəraiti barədə” məlumat təqdim edib. ABŞ-dakı erməni lobbisinin satın aldığı şübhə doğurmayan donosbaz vəkilin ifadəsində daha nələri üfürdüyünü təxmin etmək olar. Əslində, bütün bunların hay dezinformasiyası olduğunu öz gözləri ilə görüb, qulaqları ilə eşitməsi üçün M.O'Flahertinin Bakıya gəlməsi məsləhətdir.

Müqayisə bir qədər qüsurlu görünə bilər. Amma Şəki xanı Hacı Çələbi xanın Nadir şaha cavabı ilə irlandiyalı hüquq müfiəçisinin Bakıya səfərlə bağlı müraciətləri də mahiyyət etibarı ilə eyni xarakterli hesab oluna bilər. Sadəcə olaraq, fərq ondadır ki, O'Flaherti buranı işğal etməyə deyil, “insan haqları ilə bağlı problemləri həll etmək” üçün gəlmək istəyir. Buyursun gəlsin, görsün və orada eşitdiklərindən deyil, burada gördüklərindən nəticə çıxarmaq imkanı qazansın.

İ.HƏSƏNQALA
XQ

Siyasət