Keniya Parlamentinin Nümayəndələr Palatasının sədri regional vəziyyət barədə məlumatlandırılıb

post-img

İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində Keniya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Moses M.Vetang’ula ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Keniya münasibətlərinin müxtəlif aspektləri, parlament diplomatiyasının əməkdaşlığımızın inkişafında rolu, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ölkəmizin Keniya Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi bildirilib.

İkitərəfli münasibətlərimizin parlament ölçüsünün, parlament diplomatiyası vasitəsilə qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin xalqlarımız arasında mübadilələri genişləndirəcəyinə dair inam ifadə olunub.

Ölkəmizin COP29 sədrliyi zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində qəbul edilmiş qərarların əhəmiyyəti, bununla yanaşı 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət, ölkəmizin bərpa, yenidənqurma, minatəmizləmə və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasət