Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici işlər nazirinin müavini Araz Əzimov ilə keçən görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.
İyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanunazidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlərlə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb. Həmçinin Azərbaycanın Rusiya hüquq-mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını gözlədiyi bir daha diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib.
Görüş zamanı Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlərlə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib, “Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycanın qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.
Ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib. Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhvali-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə, həmçinin son 4-5 ayda Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib. Beləliklə, Rusiya Federasiyasının yuxarıda sadalanan hərəkətlərinin iki ölkə arasında dostluq və qarşılıqlı hörmət ruhuna zidd olduğu, əlavə gərginliyin yaranmasına səbəb olduğu və ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi səfirin diqqətinə çatdırılıb.
Rusiya tərəfi ölkələrimiz arasında ikitərəfli münasibətlərdə gərginliyin və mənfi əhvali-ruhiyyənin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görməyə çağırılıb.
***
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
“Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb.
Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur”, - deyə Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimailəşdirərək siyasiləşdirməyib: “Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”.
XQ