İsveç mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Donald Tramp ilə görüşündən yazıb

post-img

İsveçin geniş oxucu auditoriyasına malik olan nəşrləri – “Dagens Nyheter”, “Svenska Dagbladet”, “Aftonbladet”, “SVT Nyheter”, “Omni” və “Expressen” Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Tramp ilə Ağ evdə Birgə Bəyannamənin imzalandığı görüşünü işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “Svenska Dagbladet”in yazdığına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarəti, turizmi inkişaf etdirmək və diplomatik münasibətlər qurmaq, habelə bir-birinin sərhədlərinə hörmət etmək barədə razılığa gəliblər. Qəzet Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək ticarət və tranzit dəhlizinin, “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu”nun yaradılmasına xüsusi diqqət yetirir. Nəşrin məlumatına görə, dəhlizin adını erməni tərəfi təklif edib. ABŞ Bakı ilə hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri də aradan qaldırıb.

“Dagens Nyheter” nəşri qeyd edir ki, saziş 1990-cı illərin əvvəlindən bağlanmış nəqliyyat marşrutlarının bərpasına yol aça bilər.

“Aftonbladet” müqavilənin şərtlərini təfərrüatı ilə qeyd edib, hərbi məhdudiyyətlərin aradan qaldırılmasını, Azərbaycana birbaşa yardımı qadağan edən 1992-ci il qanununun 907-ci maddəsinin dayandırılmasını, Ermənistan və Azərbaycanın Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürmək niyyətini vurğulayır.

“Omni” xəbər saytının məlumatında qeyd olunur ki, Avropa Şurası və Avropa Komissiyasının birgə bəyanatında razılaşmaya görə hər iki tərəfə və ABŞ administrasiyasına yüksək qiymət verilib və təşəkkür edilib. Məqalədə xatırladılır ki, Ermənistanla Azərbaycan arasında onilliklər ərzində münaqişə var, İrəvan son illərdə Aİ-yə yaxınlaşır, Azərbaycan isə Avropaya mühüm qaz təchizatçısıdır.











Siyasət