İrəvanın anti-KTMT xətti yenidən gündəmdədir

post-img

Yaxud parlament seçkiləri və Rusiyaya qarşı təbliğat amili

Görünür, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya bir neçə gün əvvəlki səfəri, o cümlədən səfər gedişində onun Prezident Vladimir Putinlə görüşməsi heç bir nəticə verməyib. Bunu əvvəlcə Nikolun ölkəsinin Avropa İttifaqına qoşulmaq yolunda çoxdandır səsləndirmədiyi inamlı ritorikanı yenidən gündəmə gətirməsindən anlamaq mümkün idi. İkinci məqam isə rəsmi İrəvanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı demarşıdır. Yeri gəlmişkən, bu da xeyli vaxtdır nəzərə çarpmırdı. 

Beləliklə, baş nazir Paşinyan yenidən anti-KTMT kursuna start verib. Ümumən, 2022-ci ildən Ermənistanın üzv olduğu bu təşkilatla münasibətləri soyuqdur. Həmin il erməni iqtidarının təmsilçiləri qurumu “Azərbaycanın təcavüzünə cavab verməməkdə”, susqunluqda günahlandırmış, həmçinin, təşkilatın təhlükəsizlik təminatlarının qeyri-qənaətbəxşliyini vurğulamış və faktiki olaraq, yeni təhlükəsizlik çətiri tapmaq axtarışına çıxacaqlarını açıqlamışdılar. 

Aydın idi ki, Paşinyan hakimiyyəti Rusiyanı günahlandırmaq üçün bəhanə tapıb. Necə deyərlər, məqsəd vasitəyə bəraət qazandırırdı. İrəvanın məqsədi, eyni zamanda, Moskvanı 44 günlük müharibə məğlubiyyətində də günahlandırmaq idi və günahlandırdı da. Bu baxımdan kulminasiya anı Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra yaşandı. Erməni hakim siyasi elitası Kremli sırf Qarabağ itkisinə görə “çarmıxa çəkdi”. 

Rusiyanın belə hallara qarşı cavab ritorikası budur: Paşinyan Qərb platformalarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığından, Moskvanın heç bir təsir mexanizmi qalmayıb. Dolayısı ilə Kreml sübuta yetirmək istəyirdi ki, Ermənistan rəhbərliyinin Qarabağ məsələsini aktiv fazada saxlamaması səhv idi. Ya da “özü yıxılan ağlamaz” misalı. Ancaq erməni iqtidarı “ağlamağından” qalmadı. 

Paşinyan 2024-cü ilin əvvəllərində bəyan etdi ki, ölkə KTMT-dəki fəaliyyətini dondurub. O, hətta qurumdan, tamamilə, çıxmaq mesajları da səsləndirdi. Bu, rəsmi İrəvanın anti-KTMT xəttində yeni faza olsa da, Nikol barıtı çox eləmək istəmədi. Çünki ABŞ-da prezident seçkiləri keçirilmiş və Donald Tramp hakimiyyətə gəlmişdi. Ermənistan rəhbərliyi Trampın Putinə əvvəllər müşahidə olunan isti münasibətini görürdü. Bu səbəbdən özünün anti-Rusiya, müvafiq olaraq, KTMT əleyhinə seçilmiş kursunu dərinləşdirməkdən çəkindi. Amma zaman keçdikcə “sular duruldu”. Tramp Ukraynadakı böhranın həlli və müharibənin dayandırılması üçün Rusiyaya heç bir təsir göstərə bilmədi. Paralel olaraq, Paşinyan Birləşmiş Ştatların hazırkı iqtidarını Azərbaycana qarşı qaldırmağın mümkünsüzlüyünü anladı və ölkəmizlə sülhə gəlmək məcburiyyətində qaldı. Bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Ermənistanın barış niyyətinin təsdiqi kimi meydana çıxdı. Amma Paşinyan bəyənnamənin imzalanmasından sonra da ehtiyatlı davrandı. O, sənədə Rusiya dairələrinin münasibətini diqqətdə saxladı. Çünki Kremlin sərt tədbirlərə əl atmasından və Qərbin, həmişəkitək, Ermənistanı yalnız buraxmasından ehtiyatlandı. Çox güman, Nikol bu günlərdə Rusiyaya yollanmaqla, Kremlin Vaşinqton sənədinə münasibətini yumşaltmaq, obrazlı desək, Moskvanın ənənəvi erməni sevdasının sarı simlərinə toxunmaq istədi. Lakin əvvəldə bildirdik ki, onun istəyinə çatmadığına dair təsəvvür daha qətidir. Görünür, Moskva İrəvanın “göz yaşlarına” inanır. 

Misal var, deyirlər ki, əgər davanın qaçılmazlığını görürsənsə, çalış, birinci vur. Paşinyan da Rusiyadan qayıtdıqdan sonra əvvəlcə Avropa İttifaqına üzvlük məsələsini qabartmaqla, ardınca isə anti-KTMT ritorikasını işə salmaqla, təxminən, eyni şeyi edir. Bununla erməni baş nazir xaricə də mesaj verir və bildirir ki, Rusiya ilə münaqişə içindədir və müdafiəyə ehtiyac duyur. 

Aydındır ki, Paşinyan 2026-cı ilin parlament seçkilərinə görə ciddi narahatdır. Ermənistandakı Kremlə yaxın dairələrin onu devirməsindən, yaxud seçki marafonundan qalib ayrılmasından ehtiyatlanır. Deməli, Paşinyan seçki yaxınlaşdıqca iqtidarının Rusiya təsirindən qorunmasının zəruriliyinə dair ismarışlarının rəngini tündləşdirəcək. Ən başlıcası isə ehtimalımıza görə, Nikol Qərbi, o cümlədən ABŞ-ı məhz Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin mümkün iflası xüsusunda təlaşa salmağa çalışacaq. Məlumdur ki, bu, Qərbin Ermənistandakı seçkiyə yönəlik daha ciddi dəstəyini almaq üçündür. Hələlik isə Paşinyanın hazırkı anti-Rusiya kampaniyası yalnız ibtidai mərhələdədir. Söhbət haqqında söz açdığımız anti-­KTMT xəttindən, daha doğrusu, həmin xəttin dirçəldilməsindən gedir.

***

İbtidailikdən söz düşmüşkən, Paşinyanın iki gün əvvəl KTMT əleyhinə söylədikləri, müəyən mənada, gülməlidir. O deyir ki, rəhbərik etdiyi iqtidar 2022-ci ildə qurumun Ermənistanla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və yetirməyəcəyini görüb: “Məhz həmin anda biz müstəqil olduq. Çünki başa düşdük ki, yalnız özümüzə güvənməliyik”. Belə çıxır, 2022-ci ilədək Ermənistan KTMT-yə güvənirdi? Əlbəttə, bu, heç bir halda, belə deyil və məsələ ilə bağlı bəzi təfərrüatları açıqladıq. 

Əlavə olaraq bildirək və yada salaq ki, 44 günlük müharibənin gedişində Paşinyan dəfələrlə V.Putinə üz tutaraq, savaşın dayandırılmasına yardım xahiş etmişdi. Əlbəttə, bunun müqabilində heç nə təklif etməmiş, yalnız Rusiyanın ənənəvi erməni sevdasına güvənmişdi. Müharibə o zaman dayandı ki, rəsmi İrəvan ölkənin daha acınacaqlı duruma düşəcəyini anladı. Nikol Azərbaycanın bütün şərtlərini qəbul etdiyini bildirdi. Əlbəttə, şərtlərin açıqlandığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Rusiyanın da regional maraqlarına cavab verdi. Amma sonradan Ermənistan rəhbərliyi, tədricən, anti-Rusiya kampaniyasını gücləndirməyə başladı ki, bunun ayrı-ayrı təzahürlərini, o cümlədən anti-KTMT xəttini vurğuladıq. 

Sözümüz ondadır ki, Paşinyan hakimiyyəti heç vaxt KTMT-nin timsalında Rusiyaya güvənmək istəməyib. Onun arxalandığı “dağlar” başqa idi. Deməli, Nikolun indi dedikləri mənasız söz yığınıdır. Elə bu fikirləri də həmçinin: “O zaman (yəni 2022-ci ildə - red.) anladıq ki, əvvəlki hakimiyyətin qurduğu təhlükəsizlik sistemi əslində, sadəcə bir köpük imiş. Bu, sadəcə olaraq, dövlətimizin mövcud olmasına imkan verməmək üçün vasitə olub. 2020-ci ildə biz bunların heç birini dərk etməmişdik”. 

Paşinyan yenə yalan danışır. Görəsən, o, 2020-ci ildə nəyi görməli idi? Axı KTMT 44 günlük müharibədə Ermənistanın tərəfində döyüşə bilməzdi. Savaş Azərbaycan torpaqlarında gedirdi. Yoxsa, Nikol qarşıdurmanı qaçılmaza çevirmiş “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını Rusiyaya, yaxud KTMT-yə arxalanaraq vermişdi? Xeyr, belə deyil. Əksinə, Paşinyan düşünmüşdü ki, Kremlin Cənubi Qafqazda qalma səbəbi olan Qarabağ münaqişəsini öz gücü ilə ölkəsinin xeyrinə həll edəcək və bununla İrəvanın Moskvadan asılılığının mühüm seqmentini aradan qaldıracaq. 

Uzun sözün qısası, Paşinyanın 2020-ci ildə ölkəsinin təhlükəsizlik sisteminin yararsızlığını dərk etməməsi kimi durumdan söhbət gedə bilməzdi. Heç şübhəsiz, Ermənistan 44 günlük müharibədən qalib ayrılsaydı, Nikol tamamilə başqa bəyanat verəcək və heç bir halda deməyəcəkdi ki, Rusiyaya arxalandığımız təhlükəsizlik sistemi effektiv oldu. 

***

Ümumiləşdirmə apararaq bir daha deyək ki, Paşinyanın hazırkı anti-KTMT açıqlaması kontekstində dilə gətirdikləri ayrı-ayrı fikirlər sırf 2026-cı ilin parlament seçkilərinə hesablanıb. Baş nazirin haqqında söz açdığı köpük, yəni sabun köpüyü məsələsi fonunda Ermənistanın həqiqi müstəqilliyini əldə etməsindən danışmasına gəldikdə, bu, yalnız pafosdur. Pafos erməni iqtidarının hakim “Vətəndaş sazişi” partiyasının qurultayında açıqlandı. Söhbət “real Ermənistan” quruculuğu ideyasını möhkəmləndirməkdən gedir. Qarşıdakı müddətdə Nikol özünün və rəhbərlik etdiyi komandanın hakimiyyətdə qalmasının vacibliyinə əlahiddəlik gətirmək və erməni xalqını buna inandırmaq üçün dəridən-qabıqdan çıxacaq. 

Sonda obrazlı şəkildə bildirək ki, məşhur nağılda suyun qabağını kəsən div obrazı mütərəqqiliklərə qarşı çıxan Şərin tərənnümüdür. Paşinyanın da “divi” hakimiyyətdə qalmasını əsaslandırmaq üçün ortaya atdığı “real Ermənistan” quruculuğuna, başqa sözlə desək, müstəqil Ermənistan ideyasına “yol verməməyə çalışandır”. Tam aydındır ki, Nikol ölkəsindəki rus təsirinə zərbəni indidən vurmağa start verib. O, cidd-cəhdlə geniş xalq kütlələrində Moskva əleyhinə onsuz da var olan antipatiyanın daha da güclənməsinə, Kremlin İrəvandakı emissarlarının seçkidə iqtidara qarşı tutarlı alternativ qismində çıxış etmələrinə imkan verməməyə çalışır. Baş nazirin hazırkı anti-KTMT açıqlamasının başlıca məqsədi elə budur.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət