Yaxud üfunətli ermənipərəstlik haqqında bir neçə söz
Xaricdə müəyyən qüvvələr var ki, bütün üsul və vasitələrlə Azərbaycan–Ermənistan sülh prosesini pozmağa çalışırlar. Söhbət Fransadakı qüvvələrdən gedir. Onlara hər sahədə təsadüf edilir. Ölkə parlamentində isə sayları daha çoxdur. Amma özü və “təşəbbüs”ü barədə söz açacağımız şəxs deputat deyil.
Deməli, Fransada Loran Vokye adlı biri var. O Vokye ki, ölkənin Auvergne–Ron–Alp regionunun rəhbəridir. Azərbaycan ictimaiyyəti də Loranı məhz bu vəzifədəki “canfəşanlığına” görə tanıyır. Bəli, cənab Vokyenin ermənipərəst damarı yenə tutub və o, Bakıda məhkəməsi davam edən Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin dərhal azadlığa buraxılmasından danışıb. Daha dəqiq desək, Vokye məsələyə dair qətnamə hazırlayıb. O, ümid edir ki, Fransa parlamentinin Fransa-Ermənistan Dostluq Qrupu qətnamə layihəsi ətrafında müzakirə aparacaq, həmçinin, yekunda sənəd parlamentin özü tərəfindən qəbul ediləcək. Mövzumuz bu barədədir. Amma əvvəlcə çox yaxın keçmişə üz tutaq.
***
Yada salaq ki, L.Vokye 2023-cü ilin martında İrəvanda səfərdə olarkən sərsəm açıqlaması ilə yadda qalmış, həmin vaxt mövcud olan separatçı rejimin qondarma “xarici işlər naziri” Sergey Kazaryanla görüşü zamanı ucuz populizmə güc verərək demişdi ki, guya Qarabağ münaqişəsi iki ölkə arasında mübahisə deyil, bütöv bir xalqın və sivilizasiyanın məhvinə yönəlmiş məqsədli cəhddir: “Bunun həm Fransada, həm də Avropada eşidilməsi vacibdir. Mən qəti şəkildə bəyan edirəm: bu, sərhəd problemləri olan iki ölkə arasında mübahisə deyil. Bu, bütün beynəlxalq konvensiyalarla qorunan insan hüquqlarının pozulmasıdır”.
Sən demə, Azərbaycanın niyyəti bir xalqı, onun sivilizasiyasını məhv etmək imiş və bunun qarşısını almaq bəşəri dəyərləri qorumaqdır. Vokye, eyni zamanda, Fransadakı erməni təşkilatları ilə birlikdə separatçı rejimin bayrağı altında Qarabağa humanitar konvoy göndərəcəyini açıqlamış və öz aləmində Azərbaycanı şantaj etməyə cəhd göstərmişdi. “Konvoy Laçın dəhlizinə yaxınlaşacaq və biz azərbaycanlılardan onun keçməsinə icazə vermələrini tələb edəcəyik. Ya konvoy keçəcək və biz ümid üçün kiçik bir qapı açacağıq, ya da keçməyəcək və bu, Avropa təşkilatlarını cəlb etməklə insan hüquqlarının pozulması məsələsini yenidən qaldırmaq üçün bizə əsas verəcək”, - deyən Vokye fikirlərini Ermənistan və havadarları tərəfindən qaldırılmış Laçın dəhlizinin blokadası vay-şivəni kontekstində bildirmişdi.
Qeyd edək ki, Vokyenin bu açıqlaması rəsmi Bakının sərt etirazına səbəb olmuş, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə onu ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət aparmaqda qınamışdı. Məlumdur ki, 10 yük maşını İrəvandan Laçın dəhlizinə doğru yola çıxsa da, Azərbaycan tərəfi onların Qarabağa daxil olmasına izacə verməmişdi. Nəticədə Loranın pafoslu siyasi oyunbazlığı puça çıxmışdı. O da məlumdur ki, Fransanın bir neçə şəhəri və regionundan göndərilmiş humanitar yardımla yükləndiyi iddia edilən yük avtomobilləri, əslində, boş olub.
***
Göründüyü kimi, Vokye köhnə şakərindədir. Onun Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin dərhal azad edilməsinə çağırış yüklü qətnamə layihəsi də başıboşluqdur. Başıboşluğu isə bəzən cibin dolu olması yaradır. Loran da eyni durumdadır. Yəni, ölkədəki erməni lobbi və diaspor təşkilatları onun cibini elə doldurub ki, son dərəcə mənasız işə girişib. Elə bir işə ki, təməlində sərsəmlik var. Əlbəttə, sərsəmləmək Loran üçün çətinlik törətmir. Necə deyərlər, islanmışın yağışdan qoruxusu yoxdur.
Deməli, Vokye Bakıda separatçıların müttəhim kürsüsünə çıxarılmalarının ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin icrasını zəiflədəcəyini vurğulayıb, ardınca isə xatırlatdığı sənəddə “məhbusların” taleyinə toxunulmadığını dilə gətirib. Loranın məntiqsizliyi və baxışlarındakı təzad budur. Necə ola bilər ki, Birgə Bəyannamədə nəzərdə tutulmayan məqam sənədin icrasını zəiflətsin? Buna cavab yoxdur. Amma Vokyenin sərsəmləməsində başqa detallar var.
L.Vokyenin qətnamə adlandırdığı kağız parçasında Fransanın Cənubi Qafqazda sülh səylərini dəstəkləməli olduğu və Ermənistanla əlaqələrin möhkəmləndirilməsinin vacibliyi bildirilib, eyni zamanda, vurğulanıb ki, Paris Qarabağın “öz doğma torpaqlarından zorla qovulmuş” erməni əhalisinə dəstəyini təsdiqləməli, xalqların öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşmalı, beynəlxalq ictimaiyyət Azərbaycandan həmin ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq hüququnun təminatı naminə mümkün olan bütün tədbirləri görməyi tələb etməlidir. Loranın fikrincə, ilk növbədə, Fransa Milli Assambleyası ölkənin hökumətindən tələb etməlidir ki, rəsmi Bakı qarşısında “həbsdə saxlanılan erməni məhbusların” dərhal buraxılması məsələsini qaldırsın. Məşhur Azərbaycan filmi “Bəxt üzüyü”ndə deyildiyi kimi, qoymayın, üstümüzə Rasim, indiki halda Vokye gəlir.
Əvvəldə bildirdik ki, xaricdə müəyyən qüvvələr bütün vasitələrlə Azərbaycan-Ermənistan sülh prosesinə xələl gətirməyə çalışırlar. Sonda yenidən bu məsələyə qayıdaq. Əminliklə deyə bilərik ki, L.Vokye də anti-sülh mövqeyi ilə seçilən qüvvələrin düşərgəsində yer alan miskin və rəzil varlıqdır. Belə varlıqlar ölkəmizin Bakıdakı 4 erməni əsilli şəxsi Ermənistana təhvil verdiyini gördülər. Onlar onu da yaxşı bilirlər ki, humanist jestlər barış mühiti yaratmaq baxımından ciddi əhəmiyyətə malikdir. Ona görə də özlərinin ənənəvi qətnamə məntiqlərini işə salırlar. Düşünürlər ki, bu məntiq Azərbaycan rəhbərliyində qıcıq doğuracaq və nəticədə ölkəmiz eyni addımı təkrarlamayacaq. Beləliklə, həm barış mühiti zərər görəcək, həm də “Bakıda saxlanılan erməni məhbuslar” avantürası ömrünü uzadacaq. Yeri gəlmişkən, ikinci məqam da əsasdır.
Tam əminliklə onu da deyə bilərik ki, məhbus kimi qələmə verdiyi şəxslərin taleyi Vokyeni qətiyyən maraqlandırmır. Onun çalışdığı haqqında söz açdığımız avantüranın iflasa uğramamasıdır. Adam Fransadakı erməni lobbi və diaspor təşkilatlarından aldığı rüşvətin kəsilməsindən qorxur. Yəni, Vokyenin qətnamə layihəsi də məhz bu qorxunun bariz təzahürüdür. Başqa heç nə.
Ə.CAHANGİROĞLU
XQ

