Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 22-dən noyabrın 8-nə qədər İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbənin üçüncü ildönümü ilə əlaqədar ölkənin teatr və konsert müəssisələrində “Zəfər həftəsi” adlı musiqi və teatr festivalı keçirilir. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da festivala qatılan mədəniyyət ocaqlarındandır.
Teatr Zəfər Günündə 140-dan çox şəhid övladı üçün milli vətənpərvərlik mövzusunda olan “Yeddi nar çubuğu” tamaşası təqdim edəcək. Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib. Bildirilib ki, tamaşa xalq nağılı əsasında hazırlanıb.
Qeyd edək ki, səhnə tərtibatçısı Zülfiqar İffətoğlu, quruluşçu rejissoru Qurban Mənsimov, quruluşçu rəssamı isə Rəvanə Yaqubova olan tamaşa balaca izləyicilərə milli birlik, vətənpərvərlik, cəsarət, sədaqət və düzgünlük kimi müsbət keyfiyyətləri aşılayır.
Sonda şəhid ailələrinin övladlarına müxtəlif hədiyyələr də təqdim olunacaq.
FİDAN
XQ

