Xüsusi nümayəndə: Azad olunmuş ərazilərdəki dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır

post-img

Tarixi Qələbədən dərhal sonra dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu gün dövlətimizin bütün mümkün imkanları və resursları bu ərazilərin bərpasına yönəldilib. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlət başçısının bir başa nəzarəti altında yüksək templərlə davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, əhalinin geri dönüşü üçün sosial infrastruktur - məktəblər, tibb müəssisələri, ictimai xidmət binaları və yaşayış sahələri tikilir və istifadəyə verilir. 2024-cü ildən etibarən şagirdlərimiz öz doğma şəhər və kəndlərində müasir standartlara cavab verən məktəblərdə təhsil alırlar.

Xankəndi şəhərində Qarabağ Universitetinin təsis olunmasının və fəaliyyətə başlamasının bu bölgədə elmi, təhsil və intellektual mühitin dirçəlməsində mühüm rol oynayacağını söyləyən E.Yusubov deyib: “Bu gün burada müşahidə etdiyiniz dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır”.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin bu gün Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.

Sosial həyat