“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

post-img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib.

“AzInTelecom” dan bildirilib ki, “SİMA KYC Videoyazı” adlanan və “SİMA” Rəqəmsal Həllər Platformasına daxil olan məhsul məsafədən video formatda şəxsiyyətin təsdiqi imkanlarını təqdim edir.

“SİMA KYC Videoyazı” həlli dövlət və özəl qurumların istifadəçilərlə daha sürətli və təhlükəsiz əlaqə qurmasına imkan verir. Bu məhsul, eyni zamanda Azərbaycan Mərkəzi Bankının “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. “SİMA KYC Videoyazı” həllini öz xidmətlərinə inteqrasiya edən qurumlar ikifaktorlu autentifikasiya ilə yüksək təhlükəsizlik təmin edəcək, istifadəçi fəaliyyətini və identifikasiya prosesini izləyə biləcək. Vətəndaşlar isə heç yerə getmədən, vaxt itirmədən məsafədən xidmət almaq və əməliyyatları icra etmək imkanı qazanacaqlar.

“SİMA KYC Videoyazı” ilə şəxsiyyətin təsdiqlənməsi mobil cihaz və kompüter vasitəsilə həyata keçirilir. Proses zamanı istifadəçi əvvəlcə şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edir. Daha sonra kamera qarşısında özünü təqdim edib ekranda əks olunan təsdiq mətnini səsləndirir. Videoyazı əsasında biometrik eyniləşdirmə həyata keçirilir. Məhsulu inteqrasiya etmiş qurumun tələbindən asılı olaraq, vətəndaşın şəxsiyyətini avtomatik sistem təsdiq edir.

“SİMA KYC Videoyazı” həllinin əsas üstünlüyü süni intellekt vasitəsilə real vaxt rejimində biometrik eyniləşdirmə apara bilməsidir. Bu həll istifadəçi təcrübəsini sadələşdirərək vətəndaşlara vaxt və resurslara qənaət imkanı yaradır. “SİMA KYC Videoyazı” məhsulu ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Sosial həyat