Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Veteran Tankçılar İctimai Birliyinin üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin, Dağ Yəhudilər İcmasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və digər iştirakçılar əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.
Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanın dünyada dini müxtəlifliyin harmoniyasını özündə əks etdirən dövlət olduğunu qeyd edib: "Azərbaycan xalqının yüksək tolerantlığının, ölkədəki multikultural mühitin nəticəsidir ki, biz Aqarunovun məzarı başında həm müqəddəs “Tövrat”ımızdan, həm də “Qurani Kərim”dən dualarla onu yad etdik. Onunla bərabər bütün qəhrəmanlarımızı xatırlayırıq. Azərbaycanda yaşayan xalqlar necə ki, bu vaxta qədər ölkənin xoşbəxtliyi üçün mübarizə aparıb, bundan sonra da Azərbaycan xalqı ilə birgə həmişə çiyin-çiyinə olacağıq".
Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, Aqarunovun batalyon komandiri Albertin anım tədbirlərinin hər il olduğu kimi, bu il də təntənəli şəkildə təşkil edildiyini vurğulayıb: "Allah bütün şəhidlərə rəhmət eləsin, onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Albert Şuşa uğrunda həlak olmuşdu. 2020-ci ildə qəhrəman əsgərlərimiz Şuşanı azad etdi. Qüdrətli ordumuz 44 günlük müharibədə torpaqlarımızı düşməndən təmizlədi".
Albert Aqarunovun qardaşı Rantik Aqarunov Alberti unutmadıqlarına, onu xatırladıqlarına görə Azərbaycan xalqına təşəkkürünü bildirib. “Hər il onu yad edənlərin sayı artır. Biz 8 qardaş olmuşuq. Ən kiçiyimiz Albert idi. Şən insan idi, Vətənini çox sevirdi. Elə bu Vətən uğrunda da həlak oldu", - deyə Rantik Aqarunov əlavə edib.