Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.
Rusiya Federasiyası vətəndaşlarının bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən rəsmi internet infomasiya ehtiyatında "Müvəqqəti olma müddətini yoxla" adlı elektron kalkulyator istifadəyə verilmişdir. Elektron kalkulyator Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşlarına cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini ölkə ərazisinə gəlməmişdən öncə yoxlamaq imkanı verir.
Xatırladırıq ki, il ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları (o cümlədən yetkinlik yaşına çatmayan şəxslər) müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.