Akademik Ziyad Səmədzadənin 85 illiyi qeyd olunub

post-img

İyunun 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin 85 illiyinə həsr olunan “Azərbaycan Respublikasının iqtisadi-siyasi inkişaf mərhələləri və müasir dövr” mövzusunda toplantı keçirilib.

Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademik Ziyad Səmədzadənin Azərbaycanda iqtisad elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb. “Ömrünün böyük bir hissəsini elmə həsr edən akademik Ziyad Səmədzadə fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi məsələsini daim diqqət mərkəzində saxlayıb”, – deyə AMEA prezidenti vurğulayıb. 

Sonra Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Qorxmaz İmanov alimin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.

Tədbirdə Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov, deputatlar Eldar İbrahimov,  Hicran Hüseynova, Eldar Quliyev, Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və başqaları çıxış edərək Ziyad Səmədzadənin iqtisad elmində tutduğu mövqedən danışıb, yubilyarı təbrik ediblər. 

Sonda çıxış edən yubilyar böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

XQ

 

Sosial həyat