Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na əsasən Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması çərçivəsində bu il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr edilmiş maarifləndirici tədbir təşkil olunub.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Xidməti Araşdırma şöbəsinin rəisi Elşən Tağıyev və Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım açılış mərasimində çıxış ediblər.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi səhiyyə sistemində də şəffaflıq və etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında yüksək etik davranış mədəniyyətinin, şəffaflıq prinsipinin və ictimai etimadın qorunması sahəsində görülən işlər barədə danışaraq, əməkdaşları həmin prosesdə fəal iştirak etməyə, göstərilən xidmətlərin keyfiyyətində ədalət, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağa çağırıb.
Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalının iş prosesinin şəffaf və peşəkar qurulması istiqamətində həyata keçirilən davamlı tədbirlər” mövzusundakı çıxışında iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verib. Baş həkim korrupsiyaya qarşı mübarizənin qanunvericiliyin tələbi ilə yanaşı, hər bir əməkdaşın şəxsi məsuliyyəti və vicdanlı fəaliyyətinin göstəricisi olması, şəffaflıq, ədalət və etimad prinsiplərinin qorunmasının xəstə məmnuniyyətinin artırılması, ümumi iş mühitinin sağlamlaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda və Mərkəzi Gömrük Hospitalının böyük tibb bacısı Ətayə Vəliyeva “Korrupsiya ilə mübarizədə tibb bacısının rolu” mövzularında çıxış ediblər.
Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə geniş məlumat verilib.
Tədbirin yekununda korrupsiyaya qarşı maarifləndirməni əks etdirən videoçarx təqdim olunub və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
XQ









